17 yanvar 2017-ci il tarixində ADA Universitetində Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası və "Global Shapers Community Baku" tərəfindən Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondu və "Youth İnc" Gənclərin Sahibkarlıq Proqramının dəstəyi ilə Dünya İqtisadi Forumu (Davos Forumu) çərçivəsində "Davosa Doğru – Bakı" Forumu yekunlaşıb.
SİA-nın verdiyi məlumata görə, Forum 3 hissədən ibarət olmaqla gənc sahibkarların biznes təşəbbüslərinin sərgisi ilə başlayaraq rəsmi açılış hissəsi və iki mövzunu əhatə edən panel sessiyaları ilə davam etdirilib. Sərgidə gənc sahibkarların məsul və xidmətləri nümayiş olunub.
Tədbirin rəsmi hissəsinə Azərbaycan Respublikasının Dövlət Himni ilə start verilib. Daha sonra tədbirə ev sahibliyi edən ADA Universitetinin icraçı prorektoru Fariz İsmayılzadə açılış nitqi ilə çıxış edib. O, tədbirin önəmli olduğunu və belə bir tədbirə ev sahibliyi etdiyinə görə məmnunluğunu bildirib. "Bilirsiniz ki, gənclərin qloballaşan dünyada, sürətlə dəyişən mühitdə iş təminatı, iş imkanları, karyera qurmaqları vacibdir. Davos Forumunun əhəmiyyəti ondadır ki, gənclərimiz bu tədbir vasitəsi ilə aparıcı iqtisadi fiqurlar, şirkət rəhbərləri ilə müzakirələr aparmaq imkanı əldə edirlər. Əsas istiqamət olaraq onu qeyd etməliyik ki, müasir dünyada iş bazarı, iş imkanları, tələblər çox sürətlə dəyişir. Belə önəmli məsələlərin müzakirəsinə ev sahibliyi etməkdən məmnunluq duyuruq".
Növbəti açılış nitqi ilə çıxış edən tədbirin əsası təşkilatçılarından biri olan Gənclər Təşkilatları Milli Şurasının sədri Seymur Hüseynov qeyd edib ki, "Davos Forumu Azərbyacanın maraqlarının qorunması, ölkəmizə xarici investisiyaların cəlb olunması istiqamətində əhəmiyyətli platformadır. "Global Shapers" tərəfindən keçirilən bu format dünya gənclərinin siyasi liderlər və böyük biznesmenlər ilə ünsiyyətə keçə bilməsi üçün bir vasitədir. Milli Şuranın buna dəstək verməkdə əsas məqsədi ondan ibarətdir ki, bu platforma Azərbaycan gəncliyinin səsinin çatıdırılması aləti kimi inkişaf etsin. Buna görə də tədbirin mövzusu çox aktualdır".
Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş üzrə sektorunun məsləhətçisi Səbuhi Rzayev bildirib ki: "Davos Forumu ərəfəsində Bakıda belə kiçik formatlı tədbirin keçirilməsi uğur sayılmalıdır. Bildiyiniz kimi, Azərbaycan Dünya İqtisadiyyatı Forumunda ilə yaxından iştirak edir. Hələ 1995-ci ildə Ulu Öndər Heydər Əliyev ilk dəfə Azərbaycanın nümayəndə heyəti ilə Davos Forumuna qatılmış və burada Azərbaycanın xarici investisiyalar, xarici şirkətlər ilə əməkdaşlığa açıq olduğunu bəyan etmişdir. Daha sonra 2007-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkə başçısı olaraq Davos Forumunda iştirak etmişdir. Bu təşəbbüslərdən sonra 2013-cü ildən "Qlobal Şapers Bakı" bölməsi formalaşmışdır. "Global Shapers" icması dünyanın bir çox ölkələrində davamlı fəaliyyətdədir. Bakı bölməsinin uğurlu fəaliyyəti məhz bu şəbəkəyə - "Global Shapers" kimi geniş platformaya çıxış imkanı deməkdir".
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun İcraçı direktoru Fərhad Hacıyev qeyd edib ki: "Global Shaper"-lər proqramı çox maraqlı bir təşəbbüsdür və gənclərimizə bir çox imkanlar təklif edir. Bu şəbəkə vasitəsi ilə siz dünyanın bir çox şəbəkələrində fəaliyyət göstərən "Global Shapers" icmaları ilə əlaqələr qura bilər, təklif olunan imkanlardan yararlana bilərsiniz. Şəbəkə həmçinin müəyyən olunan sahələrin inkişafına yönəldilmişdir. Mən inanıram ki, məhz "Global Shaper"lər vasitəsi ilə gənclər arasından böyük biznes qurucuları çıxacaqdır".
Rəsmi hissə bitdikdən sonra "Peşə təhsili və qeyri-formal təhsil vasitəsilə gənclərin məşğulluğunun artırılması" mövzusunu əhatə edən panel sessiyasına başlanılıb. Sessiya zamanı Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin Peşəyönümü və İşəgötürənlərlə İş Şöbəsi Müdirinin müavini Nigar İsmayılzadə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Məşğulluq Siyasəti və Demoqrafiya Şöbəsi Müdirinin müavini Rəna Abdullayeva, BMT Uşaq Fondunun Təhsil Mütəxəssisi Kənan Məmmədli və Azərsun Holdinqin Tədris İnkişaf və Performans İdarəetmə Departamentinin müdiri Cəlal Eynullayevin iştirakı ilə panel sessiyasında gənclərin işsizliyi ilə mübarizəsi üçün peşə təhsilindən bir vasitə kimi istifadənin mövcud təcrübəsi, peşə təhsilli gənclərin marağını cəlb edən problemlər, gənclərin məşğulluğunun təmin olunması istiqamətində peşə təhsilinin effektivliyi, qeyri-formal təhsilin gəncləri gələcək karyera üçün zəruri bacarıqlarla təmin etməsi mövzularında müzakirələr baş tutub.
Növbəti panel sessiyasında "Gənclərin sahibkarlığa cəlb olunması vasitəsilə yeni iş yerlərinin yaradılması" mövzusunda keçirilib. Paneldə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Sahibkarlığın İnkişafı Siyasəti Şöbəsi Müdirinin müavini Ceyhun İsayev, Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində olan "Yüksək Texnologiyalar Parkı - YT Park" Məhdud Məsuliyyətli Cəmiyyətin direktoru Seymur Ağayev, Paşa Bankın Korporativ və İnstitusial Bankçılıq Departamentinin Baş Müşətəri Meneceri Fərid Quliyev və BMT İnkişaf Proqramının Strateji Əməkdaşlıq üzrə Müşaviri Məzahir Əfəndiyevin iştirakı ilə gənc sahibkarların üzləşdikləri problemlər, gənc sahibkarların Azərbaycan iqtisadiyyatında və gənclərin məşğulluğunun təmin olunmasında rolu, özəl sektor və hökumət müəssisələrinin gənclərin sahibkarlıq fəaliyyətinə dəstəyi mövzularında müzakirələri aparılıb.
Qeyd edək ki, Forumun nəticələri 19 yanvar 2017-ci il tarixində Dünya İqtisadi Forumuna canlı bağlantı ilə Bakıdan Forumun əsas spikeri, ADA Universitetinin icraçı prorektoru Fariz İsmayılzadə tərəfindən qoşularaq Dünya İqtisadi Forumunda səsləndiriləcək və mövzu üzrə onlayn beynəlxalq panel sessiyası təşkil olunacaq.
Xatırladaq ki, Dünya İqtisadi Forumu (The World Economic Forum - WEF) 1970-ci illərdə akademik Klaus Şvab tərəfindən yaradılmış kiçik bir qrupdan, hazırda 2500 iştirakçını əhatə edən nəhəng təşkilata çevrilib. Hər il Forumun illik görüşü İsveçrənin Davos şəhərində keçirilir. Forumun gedişatı zamanı artıq bir neçə ildir ki əsas fəaliyyətlərdən biri kimi "Shaping Davos" fəaliyyəti baş tutur. "Shaping Davos" dünya sakinlərinin Dünya İqtisadi Forumunun spikerləri ilə dialoqunun təşkili üçün bir vasitədir. "Shaping Davos" Dünya İqtisadi Forumunun gənclər platforması olan "Global Shapers" tərəfindən icra olunur. 2017-ci ildə bütün dünyadan cəmi 16 şəhər "Shaping Davos" fəaliyyətinin keçirilməsi hüququ qazanmışdır ki, bunlardan biri də Bakıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB