Yağış qara keçəcəkmi? RƏSMİ

Yağış qara keçəcəkmi? RƏSMİ

Respublika ərazisində yağmurlu hava şəraiti bir neçə gün davam edəcək. Bunu SİA-ya açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova deyib.

O bildirib ki, yanvarın 18-də paytaxtda çiskin hava şəraiti müşahidə olunsa da, axşam yağış yağacaq. Onun sözlərinə görə, yanvarın 19-da gün ərzində arabir yağış yağacağı gözlənilir: "Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu bu günlərdə aylıq normaya uyğun olaraq 6-9 dərəcə arasında dəyişəcək".

G. Məmmədova vurğulayıb ki, bölgələrdə yanvarın 18-də gün ərzində əsasən yağmursuz, axşam, eləcə də yanvarın 19-da isə yağış yağacağı proqnozlaşdırılır: "Bu günlərdə havanın temperaturu 6-11, dağlıq ərazilərdə isə 0-5 dərəcə isti müşahidə olunacaq".

Yağışın qara keçmə ehtimalına gəldikdə, direktor əvəzi vurğulayıb ki, hələlik qarın yağması yalnız dağlıq rayonlara xarakterikdir.

Qeyd edək ki, sabah Bakıda və Abşeron yarımadasında havanın temperaturunun gecə 2-4° isti, gündüz 6-9° isti, Bakıda gecə 2-4° isti, gündüz 6-8° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 769 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 85-95 faiz, gündüz 65-75 faiz təşkil edəcək. Rayonlarda isə havanın temperaturunun gecə 3° şaxtadan 2°-dək isti, gündüz 6-11° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 1-6° isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoza gəldikdə isə yanvarın 18-19-da Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün nisbətən əlverişli olsa da, rütubətli hava şəraiti bəzi insanlarda narahatlıq hissi yarada bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə