İstehlakçıların şikayət etdikləri ilk 4 problem

İstehlakçıların şikayət etdikləri ilk 4 problem

"2016-ci ildə Azad İstehlakçılar Birliyinin təkcə mərkəzi ofisinə 1000 şikayət daxil olub. İstehlakçıların ən çox şikayət etdikləri məsələ texniki mallar satan şəbəkələrlə bağlıdır". Bunu SİA-ya açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib.

Onun sözlərinə görə, istehlakçılar tərəfindən birliyə müraciət edən şikayətlərdən ikinci yerdə mebel düzəldən sexlərlə bağlıdır ki, bu sahədə istehlakçı hüquqları pozulur: "Şikayətlər arasında üçüncü yerdə qida məhsullarının keyfiyyətsizliyi ilə bağlı müraciətlər dayanır. Dördüncü yerdə kommunal xidmətlər məsələsi dayanır. Sadalanan sahələrlə bağlı istehlakçılar problemlərlə üzləşir. Amma burada təəssüflə qeyd edilən bir çox hallarda satıcılar, biznes qurumları ölkə başçısı səviyyəsində onlar üçün yaradılan toxunulmazlıq, rahatlıq, azad bazar iqtisadiyyatından sui-istifadə edirlər".

E. Hüseynov qeyd edib ki, təşkilata edilən şikayətlərin 80 faizi danışıq yolu ilə həll olunur: "Qalan şikayətlər isə dövlət orqanlarına və ya məhkəmələrə göndərilir. Ötən il ən uğurlu işlərimizdən biri yeni tikilən binalarda insanlardan əsassız yığılan kommunal xidmətlərin geri qaytarılması olub. Hazırda yeni tikilən binalarla bağlı daha bir problem var ki, bu da divarların insanlara yaşayış sahəsi kimi satılmasıdır. Hazırda bununla bağlı işlər aparılır ki, insanlar aldadılmasın".

Bütün xəbərlər Facebook səhifəmizdə