Psixoloq: “Aqressiya uşaqlarda xəstəliklər yarada bilər” AÇIQLAMA

Psixoloq: “Aqressiya uşaqlarda xəstəliklər yarada bilər” AÇIQLAMA

"Son zamanlar azyaşlı uşaqlarda və yeniyetmələrdə aqressiya hallarının çoxalması onlarla münasibətlərin düzgün qurulmamasından qaynaqlanır. Belə ki, uşaqlarda aqressivlik onlara qoyulan qadağalar və həddən artıq ərköyünlükdən irəli gəlir. Valideynlər bir çox hallarda uşaqların cavab qaytarmasından, onları eşitməməsindən, dərsə və bağçaya meyillərin azalmasından narazılıq edirlər. Böyüklər uşaqlarla ünsiyyətdə, onların yanında digərləri ilə münasibətlərində, qoyduqları qadağalarda və digər aqressiya yaradacaq məsələlərdə daha diqqətli olmalıdırlar". Bunu SİA-ya açıqlamasında Ümumrusiya Peşəkar Psixoterapevtler Liqasının üzvü, psixoloq Elnarə Eminova deyib.

O qeyd edib ki, aqressiya gələcəkdə uşaqlarda müəyyən xəstəliklər yarada bilər: "İnsanda aqressiyanın yaranması ilk olaraq həyata keçməyən və keçirə bilməyəcəyi istəyinin göstəricisidir. Zamanla yığılan frusturasiyalar lazımi anda partlayış halında özünü göstərir. Kiminsə insanın istəyinə qarşı çıxması və sərhəd çəkməsi damla-damla aqressiyaya gətirib çıxarır. Aqressiyanın maksimum səviyyədə olması gələcəkdə şəxsin isterik nevrozdan, OKP (sayrışan nevroz) və digər psixoloji xəstəliklərdən əziyyət çəkməsinə səbəb olur".

Psixoloq bildirib ki, aqressiv insan daim daxili ilə konflikt yaşayır, deyingən olur, hətta affekt halında özünə istəmədən zərər də yetirə bilir: "Bu cür insanları dinləmək, həmin anda ünsiyyətdən qaçmaq daha məqsədə uyğundur. Onları anlayışla qarşılamaq lazımdır. Aqressiya çox olanda, belə insanların mütəxəssislərə müraciət etməsi ən doğru seçimdir".

Elgün Vidadioğlu

Bütün xəbərlər Facebook səhifəmizdə