Səbail rayonunda ilin yekunları müzakirə olunub

Səbail rayonunda ilin yekunları müzakirə olunub

Səbail rayonunun qəsəbə və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərində 2016-cı ilin yekunlarının müzakirəsinə başlanılıb. SİA-nın verdiyi məlumata görə, bununla əlaqədar ilk hesabat iclası Rayon İcra Hakimiyyəti Başçısının 1 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyində keçirilib. Rayonun mərkəz hissəsini əhatə edən təşkilatların, təhsil, səhiyyə və digər müəssisələrin, təsərrüfat xidmətlərinin nümayəndələrinin və sakinlərin iştirakı ilə keçirilən toplantıda 2016-cı il ərzində rayonun mərkəz hissəsində həyata keçirilən işlərə yekun vurulub, qarşıda duran vəzifələr müzakirə olunaraq növbəti il üçün konkret tədbirlər müəyyənləşdirilib. Hesabat məruzəsi ilə çıxış edən Səbail rayon İcra Hakimiyyəti Başçısının 1 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Tərlan Qasımov bildirib ki, ötən il nümayəndəliyin ərazisində dünya şöhrətli müğənni Rəşid Behbudovun abidəsinin açılış mərasimi keçirilib. Mətbuat prospekti 2 və Puşkin küçəsi 10 ünvanlarında yerləşən çoxmənzilli yaşayış binalarının fasad və dam örtüklərində aparılan əsaslı təmir-yenidənqurma işləri başa çatdırılıb. Hazırda xidməti ərzazidə "Xəzər Waterfront" istirahət-əyləncə-alış-veriş mərkəzinin, yeni "İnterkontinental" və "Dinamo" mehmanxanalarının, Dövlət Təhlükəsizlik Xidməti Səbail rayon İdarəsinin yeni inzibati binasının tikintisi, İncəsənət muzeyinin əsaslı təmiri davam edir.

Hesabat ilində "Şəhidlər Xiyabanı"nda bir sıra ictimai birlik və təsərrüfat xidmətlərinin yerləşdiyi inzibati binada cari təmir aparılıb və buranın istilik sistemi bərpa edilib, Zərifə Əliyeva küçəsi 26, 28 və Neftçilər 131 ünvanlarında evlərin dam örtükləri dəyişdirilib, həmçinin Bünyad Sərdarov, Həsən Seyidbəyli, Şeyx Şamil, Lermontov, Mehdi Hüseyn, Cəfərov qardaşları, Üzeyir Hacıbəyov, Yusif Məmmədəliyev, Rəsul Rza, Qoqol küçələrində səki kənarlarına yeni bordyurların qoyulması, səkilərin təmiri və dekorativ daş düzülməsi, küçələrə yeni asfalt qatı salınması işləri aparılıb, Üz.Hacıbəyov küçəsi, Neftçilər və Parlament prospektiləri, ərazidəki park və istirahət bağlarında salınan yaşıllıqlar zonasında böyük miqdarda dekorativ gül kolları əkilərək burada gözəl kompozisiyalar yaradılıb.

Yığıncaqlarda çıxış edən Səbail rayon İcra Hakimiyyəti Başçısının müavini Abit Əliyev Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən Bakı şəhərininə göstərilən diqqət və qayğıdan, gələcəkdə şəhərin mərkəzinin daha da abadlaşdırılması, burada sakinlər və şəhərimizin çoxsaylı qonaqları üçün hər cür şəraitin yaradılması üçün görülməli olan işlərdən danışıb. A.Əliyev 2016-cı ildə rayonda görülən işlər və həyata keçirilən sosial yönümlü layihələr barədə geniş məlumat verib, qeyd edib ki, ölkə başçısının tapşırıqlarına əsasən şəhərin mərkəzini əhatə edən 1 saylı nümayəndəliyin ərazisində bir sıra mühüm layihələr həyata keçirilir və paytaxtımızı dünyanın ən gözəl şəhərlərindən birinə çevirmək istiqamətində görülən işlər gələcəkdə də davam etdiriləcəkdir. Bidirilib ki, RİH tərəfindən qəsəbə yaşayış məntəqələrində məhəllələr abadlaşdırılacaq, qəsəbədaxili yolların təmiri, su və kanalizasiya sistemləri yenidən qurulması, qəsəbədaxili küçələrin asfaltlaşdırılması və işaqlandırılması ilə bağlı tədbirlər görüləcəkdir.

Yığıncaqlarda mövcud problemlərdən danışılıb, sakinləri maraqlandıran suallar cavablandırılıb, bir sıra müraciətlərin həlli ilə bağlı müvafiq tapşırıqlar verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə