Nəsimi rayonunda bir sıra işlər həyata keçirilib

Nəsimi rayonunda bir sıra işlər həyata keçirilib

Ölkə rəhbərliyi tərəfindən Bakı şəhəri və onun qəsəbələrinə olan diqqət və qayğının artması nəticəsində Nəsimi rayonunda bir sıra işlər həyata keçirilib. SİA-nın verdiyi məlumata görə, ötən il görülən işlərə yekun vurulması, onların təhlili və qarşıda duran vəzifələrin həyata keçirilməsi yolları Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 1 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Nəsimi rayon rəhbərliyi, rayonun təsərrüfat xidmətləri rəhbərləri, rayon ictimaiyyətinin iştirakı ilə Avropa otelində keçirilən, 2016-cı ilin yekunlarına həsr olunan yığıncağında müzakirə olunub, növbəti il üçün konkret tədbirlər müəyyənləşdirilib.

Hesabat məruzəsi ilə çıxış edən Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 1 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Eldəniz Cabbarov bildirib ki, hesabat dövründə SİƏD-in ərazisində yerləşən Moskva prospekti 46 ,52 ,62, 70, 74, 82, 86 saylı binaların, Məmmədcəfər Cəfərov küçəsi 1 saylı binanın və Cavadxan küçəsi 58, 60 saylı binaların fasadları təmir olunub, giriş qapıları dəyişdirilib və pilləkən qəfəslərinin pəncərələri yeniləri ilə əvəz olunub. Hüseyn Bala Əliyev küçəsi 38, 42 saylı binaların, Əliisgəndər İsgəndərov küçəsi 3/1 saylı binanın arxa və qarşı hissəsində, 20 Yanvar küçəsi 39, M.Cəlal 54,60,62,64 və 66 saylı binaların ön və arxa hissəsində yerləşən qanunsuz çəkilmiş çəpərlər sökülərək təmizlənə və abadlıq işləri görülüb

Nəsimi rayonu İcra Hakimiyyəti tərəfindən birinci mikrorayon ərazisində Azərbaycanın Milli Qəhrəmanı Asif Məhərrəmovun adını daşıyan küçədə yaşayış binalarının qarşısında yerləşən 5.500 kv m ərazisi olan parkda əsaslı təmir işləri aparılmışdır. Burada sakinlərin asudə vaxtlarının səmərəli keçirilməsi üçün hər biri 20 kv.m olan 3 ədəd söhbətgah, skamya oturacaqları quraşdırılıb. Həmçinin sakinlərin idmanla məşğul olmaları üçün 10 ədəd idman qurğuları, azyaşlı uşaqlar üçün sahəsi 350 kv.m olan xüsusi əyləncə avadanlıqlarından ibarət meydança salınıb. Parkda 2000 kv.m yaşıllıq, 25.000 gül kolu əkilmişdir, gözoxşayan müxtəlif dekorativ kompozisiyalar quraşdırılıb. Parkın ərazisinə 3500 kv.m tamet daşı döşənmiş, 500 m bardür qoyulub, ərazini gecə işıqlandırmaq üçün yeni işıq dirəkləri quraşdırılıb. Əhalinin asudə vaxtlarının səmərəli keçirilməsi üçün ictimai iaşə xidməti yaradılıb. Parkın ətrafındakı yaşayış binalarının, Moskva prospekti 96 ünvandakı 16 mərtəbəli yaşayış binasının, Moskva prospekti 92, A.Məhərrəmov küçəsi 47, 20 Yanvar küçəsi 2/51 ünvanlardakı 3 ədəd 5 mərtəbəli yaşayış binalarının fasadları təmir olunub. Binaların girişlərinə yeni qapılar qoyulub, pəncərələri yeniləri ilə əvəz olunub. 14 iyul - Ümummilli lider Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlişinin ildönümü münasibəti ilə yeni parkın açılış mərasimində iştirak edən sakinlər, ağsaqqallar yaradılan şəraitə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər.

İDEA ictimai birliyinin təşəbbüsü ilə ölkədə gedən ağacəkmə kompaniyasına qoşularaq Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 5, 240, 54, 159 saylı orta məktəblərin həyətinə və Autizm mərkəzinin həyətinə, 20 yanvar abidəsinin ətrafına, Asif Məhərrəmov və 20 Yanvar küçələrində iməcilik keçirərək ağaclar, gül kolları əkilib. Abadlaşdırılan küçələrdə qazon örtükləri yeniləri ilə əvəz olunub. Yığıncaqda çıxış edən Nəsimi rayon İcra Hakimiyyəti Başçısı Asif Əsgərov bildirib ki, Prezidentimiz cənab İlham Əliyevin həyata keçirdiyi yeni inkişaf konsepsiyasında ölkə paytaxtının və regionların sosial-iqtisadi inkişafı, şəhər və rayonların abadlaşdırılması, yeni infrastruktur layihələrinin davamlı olaraq icra edilməsi əsas istiqamətlər kimi qarşıya qoyulub.
Bakı şəhərində müasir infrastrukturun yaradılması sahəsində aparılan çoxşaxəli işlər, hərtərəfli bərpa və yenidənqurma, yeni, müasir tikililər, gözoxşayan parklar və xiyabanlar, şəhərimizin arxitektura simasının günü-gündən gözəlləşməsi və müasirləşməsi burada yaşayan əhalinin mədəni-mənəvi həyat səviyyəsinin yüksəldilməsinə göstərilən diqqət və qayğının bariz nümunəsidir. Məhz bu nəhəng quruculuq işlərinin nəticəsidir ki, müasir Bakı bu gün dünyanın ən gözəl şəhərlərindən birinə çevirilib. 2016-cı ildə Nəsimi rayonunda görülən işlər və həyata keçirilmiş sosial yönümlü layihələr barədə geniş məlumat verib, qeyd edib ki, ölkə başçısının tapşırıqlarına əsasən rayon ərazisində aparılan abadlıq quruculuq işləri davam edəcəkdir.

Nəsimi rayonu 247 saylı tam orta məktəbin binasında əsaslı təmir və yenidənqurma işləri Azərbaycan Prezidenti İlham Əliyevin "2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nda nəzərdə tutulmuş tədbirlər proqramına uyğun olaraq həyata keçirilib. 1969-cu ildə inşa edilən məktəbin binasında indiyədək bu cür əsaslı təmir və yenidənqurma işləri aparılıb. Məktəbdə məskunlaşan 3 məcburi köçkün ailəsi başqa ünvanda yeni mənzillə təmin olunaraq köçürülmüş və məktəbdə təmir işləri qısa müddətdə ən yüksək səviyyədə icra olunmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev sentyabrın 7-də 247 nömrəli tam orta məktəbin əsaslı təmir və yenidənqurma işlərindən sonrakı vəziyyəti ilə tanış olmuşdur. 247 saylı məktəbin əsaslı təmiri Möhtərəm Prezidentin təhsilə göstərdiyi qayğının bariz nümunəsi və Prezident İlham Əliyevin açılış mərasimində iştirakının məktəbin fəaliyyət tarixində ən əlamətdar və unudulmaz hadisə olduğunu diqqətə çatdırmışdır. "Abad həyət" layihəsi çərçivəsində yeni təmir olunmuş Hüseyn Seyidzadə 16a sayli bina və həyəti sakinlərinin ixtiyarına verilib. Bu ünvanda 6 bloklu 5 mərtəbəli binanın fasadı, dam örtüyü və zirzəmiləri əsaslı təmir edilib, binanın blok girişləri, blok qapıları və pəncərələri yenilənib. Girişlərin qarşısına dekorativ tamet döşənmişdir. Həyət və məhəllədaxili yollara asfalt örtüyü çəkilmişdir, yolların kənarlarına bardürlər düzülüb. Binanın qarşısında yaşıl qazon döşənib və güllər əkilib. Yaşıllıqlara qulluq göstərilməsi üçün suvarma xətti çəkilmişdir. Eyni zamanda həyətin işıqlandırılmasi uçun yeni işıq dirəkləri quraşdırılıb. Sakinlərin asudə vaxtlarının səmərəli keçirilməsi üçün söhbətgah quraşdırılıb. Bu ünvandakı uşaqların da asudə vaxtlarının səmərəli keçirilməsi və idmanla məşğul olmaları üçün "Abad həyət"də mini futbol meydançası da salınıb. Həmçinin azyaşlı uşaqlar üçün xüsusi əyləncə avadanlıqları quraşdırılıb. Seyidzadə 16A ünvanından başlayaraq M.Cəlal 52, 58, 60 ,62 saylı binaların ətrafı, 156 və 162 saylı bağçaların qarşısı yeni asfalt örtüyü çəkilib və 247 saylı məktəbin ətrafında olan binaların fasadı rənglənib.

Nəsimi rayon İcra Hakimiyyəti Başçısı Asif Əsgərov 10 yanvar 2017-ci il tarixdə Nazirlər Kabinetinin 2016 - cı ilin sosial iqtisadi inkişafının yekunlarına həsr olunan yığıncağında ölkə başçısının nitqindən irəli gələn vəzifələrlə bağlı görüləcək işləri tədbir iştirakçılarının diqqətinə çatdırdı.

YAP Nəsimi rayon təşkilatının sədri, millət vəkili Məlahət İbrahimqızı çıxış edərək 2016-cı ildə Nəsimi rayonunda görülən işlər və həyata keçirilmiş layihələr haqqında danışaraq görülən işlərin əhalinin sosial rifahının yüksəldilməsinə xidmət etdiyini bildirdi.

Tədbirdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda şəhid olmuş İbrahimov Tağı Sabir oğlunun həyat yoldaşı Sevinc İbrahimova da çıxış edərək yaşadığı Nəsimi rayonu Hüseyn Seyidzadə küçəsi 35 ünvanındakı binanın həyətində rayon İcra Hakimiyyəti tərəfindən həyat yoldaşının yeni baraleyfinin qoyulması ilə bağlı ailəsi adından minnətdarlığını bildirdi.

Hesabat yığıncağında rayon sakinlərindən "Tarixi araşdırmalar" İB-nin sədri Əlövsət Qasımov, hüquq elmləri doktoru Əli Eyvazov, şairə Pərvanə Mustafayeva, Elmar Əsgərov, Zabit Quliyev, Zərifə Ömərova və başqaları çıxış edərək respublikada aparılan quruculuq işlərinin, həyata keçirilən böyük sosial və infrastruktur layihələrinin, aparılan islahatların xalqın rifahının yüksəldilməsinə yönəldiyini bildiriblər.

Yığıncağın sonunda sakinləri maraqlandıran suallar cavablandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə