"2016-cı il mətbuatımızın kifayət qədər uğurları olub". Bunu SİA-ya açıqlamasında Mətbuat Şurasının sədri Müşfiq Ələsgərli deyib.
Onun sözlərinə görə, ötən il Azərbaycan mediası aprel söyüşləri zamanı ordu ilə birgə qələbə qazandı: "Bildiyiniz kimi ötən ilin aprelində Azərbaycan ordusunun qüdrətli hərbi proseslər apardığı bir dövr oldu. O zaman Azərbaycan mediası ordumuzla birgə qələbə, üstünlük qazandı. Bəlkə də Azərbaycan tarixində ilk dəfə idi ki, siyasi yönündən, ideologiyasından, iqtisadi durumundan asılı olmayaraq bütün KİV qurumları vahid, vətənpərvərlik mövqeyindən çıxış edərək ölkəmizin haqq səsini dünyaya çatdırmaqla yanaşı, ictimaiyyətin fikrini düzgün istiqamətə yönləndirə bildilər. O zaman döyüşlər həm təmas xəttində, həm də informasiya cəbhəsində getdi. Ordumuz döyüş bölgəsində nə qədər ciddi uğurlar qazandısa, həmin uğuru bizim media qurumları informasiya savaşında qazana bildilər. Bu ötən il Azərbaycan mediasının əldə etdiyi ən böyük uğur idi".
M. Ələsgərli qeyd edib ki, ötən il dünyada maliyyə böhranı ilə müşayiət olundu: "Bir çox ölkələrdə digər sahələrdə olduğu kimi mətbuat sahəsində də müəyyən iqtisadi maliyyə böhranı özünü göstərdi. Hətta transmilli KİV-lər belə maliyyə vəziyyətlərini düzəltmək üçün özlərinin ştat vahidlərində ixtisarlar edərək işçilərinin sayını azaltdılar, yayımlarında müəyyən problemlər yaşadılar. Lakin Azərbaycanda bu problem özünü dərin olaraq göstərmədi. Ölkəmizdə maliyyə səbəbindən fəaliyyətini dayandıran KİV qurumu olmadı. Bunun özü nailiyyət kimi qiymətləndirilə bilər".
MŞ sədrinin müavini əlavə edib ki, 2016-ci ili sabit il kimi qiymətləndirmək olar: "Dünyada iqtisadi çətinliklər dünya mətbuatında özünü göstərsə də, Azərbaycan hökuməti və KİV-i bu vəziyyətdən çıxmağı bacardı. Bu sahədə ciddi artım olmasa da, sıxıntılar da olmadı. Digər tərəfdən jurnalistlərimizin təhlükəsizliyi baxımında da 2016-cı il uğurlu olub. Ötən ili jurnalist itkisi olmadan başa vura bildik. Hansı ki, dünyada jurnalistlərin təhlükəsizliyi ilə bağlı nə qədər problemlərin olduğu göz önündədir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB