DQİDK və İçərişəhər Cümə məscidi icmasının birgə keçirdiyi layihə başa çatdırıldı FOTOLAR

“Dövlətimiz milli kimliyimizin və dəyərlərimizin qorunması üçün böyük işlər görür”
DQİDK və İçərişəhər Cümə məscidi icmasının birgə keçirdiyi layihə başa çatdırıldı FOTOLAR

İçərişəhər Cümə məscidində Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) İçərişəhər Cümə məscidi icması ilə birgə Azərbaycanda dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədi ilə Dini icmalara yardım göstərilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq, "Milli kimliyin formalaşmasında milli dəyərlərin rolu" layihəsi çərçivəsində tədbir keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə DQİDK-nin Bakı şəhəri üzrə şöbəsinin müdir müavini Ceyhun Əliyev, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini Hacı Fuad Nurulla, tanınmış ilahiyyatçı şərqşünas, Qarabağ seyid ocaqlarının rəhbəri Seyid Camal Əzimbəyli, QMİ-nin Səbail rayonu üzrə səlahiyyətli nümayəndəsi, İçərişəhər Cümə məscidinin axundu, ilahiyyatçı Hacı Surxay Məmmədli və İçərişəhərdə fəaliyyət göstərən məscidlərin digər dini icma nümayəndələri iştirak ediblər.

Tədbir başlamamışdan öncə müqəddəs Qurani-Kərimdən bir neçə ayə oxundu.

Tədbirə modetarotluq edən DQİDK səlahiyyətlisi Ceyhun Əliyev çıxışında ilk öncə qurumun sədri Mübariz Qurbanlının tədbir iştirakçılarına salamlarını çatdırıb və layihənin mahiyyəti barədə məlumat verib. Ceyhun Əliyev bildirib ki, bu gün Azərbaycanda dövlət-din münasibətləri ən yüksək həddə inkişaf edir və bu amil istər milli kimliyin, istərsə də milli dəyərlərin formalaşmasında, qorunub-saxlanılmasında önəmli rol oynayır: "Bildiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2014-cü il 27 noyabr tarixində Azərbaycanda dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədi ilə Dini icmalara maliyyə yardımı göstərilməsi haqqında mühüm Sərəncam imzalayıb. Məhz bu Sərəncamdan sonra bir daha sübut olunub ki, Azərbaycanda dövlət-din münasibətləri ən yüksək inkişaf xəttini tutub. Burada əsas faktorlardan biri də dini icmalarda maarifləndirmə işlərinin aparılması, ölkənin inanclı kəsiminə dövlətinə, xalqına bağlılığı istiqamətində təbliğatların aparılması, o cümlədən dövlətçilik, milli kimlik və dəyərlərin qorunub-saxlanılması inkişaf etdirilməsidir. Məhz başa çatdırdığımız layihə də bu aktual mövzunu əks etdirir".
İlk növbədə dövlət-din münasibətlərində artan inkişaf xətti, o cümlədən, Prezident İlham Əliyev cənabları ilə Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri, Şeyxülislam Allahşükür Paşazadə həzrətlərinin arasında olan səmimi münasibətləri ölkəmizdəki dövlət-din münasibətlərinin ali göstəricisidir".
Ceyhun Əliyev qeyd edib ki, artıq layihə yekunlaşır və layihənin reallaşdırılmasında İçərişəhər Cümə məscidinin icma rəhbəri Hacı Surxay Məmmədlinin apardığı işlər bilavasitə milli kimliyimizin inkişafına öz töhfələrini verib.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini Hacı Fuad Nurulla da çıxışını müqəddəs Qurani-Kərim kəlamları ilə başlayaraq, bu kimi layihələrin keçirilməsinin zəruriliyindən danışdı və bildirdi ki, məhz Ulu Öndər Heydər Əıliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra, ölkədə məscidlərin, pirlərin, ocaqların kütləvi açılışı, təmir və bərpaları baş tutdu: "Bu, ilk növbədə Onun tərəfindən dəyərlərimizə göstərilən böyük sayğı və dəyər idi. Çünki sovet dövrü bir
çox məscid və ibadətxanalarımız bağlı qalmışdı, ya da onlar tamamilə başqa məqsədlər üçün istifadə edilirdi. Heydər Əliyevin qayıdışından sonra Bibi -Heybət, Təzə Pir və o cümlədən, Gəncədəki İmamzadə kompleksi, həmçinin, bölgələrimizdə məscidlərin bərpasına, yenidən qurulmasına başlanıldı. İnanclı insanlarımıza bundan böyük töhfə ola bilməzdi".
İlahiyyatçı şərqşünas, Qarabağ seyid ocaqlarının rəhbəri Seyid Camal Əzimbəyli isə çıxışında bildirdi ki, bu cür layihələrin həyata keçirilməsi dövlət-din münasibətlərinin ən gözəl şəkildə tərənnümüdür: "Azərbaycan xalqı elə bir xalqdır ki, hər zaman öz dövlətinə bağlı olub və bu, əsrlər boyu davam edib. Ölkəmizdə formalaşmış bu mühüm hadisə hər birimiz tərəfindən qorunub-saxlanılmalı, inkişaf etdirilməlidir. Prezident ilham Əliyev cənabları bu işdə hər kəsə bir örnək və nümunədir. Biz elə də uzağa getməyərək, Gəncə şəhərində İmamzadə kompleksinin açılışını və orada möhtərəm Prezidentimiz cənab İlham Əliyevin nitqini xatırlamalıyıq. Bəli, bütün bunlar həm də müqəddəs dəyərlərin qorunmasıdır ki, dövlətimiz bu istiqamətdə böyük işlər görür. Biz onu da bilməliyik ki, açılan məscid və mədrəsələr milli kimlik və dəyərlərimizin aşılanmasında elm mərkəzləri kimi də fəaliyyət göstərir. Biz həm də ona imkan verməməliyik ki, milli kimlik və dəyərlərimizdən çirkin siyasi məqsədlər üçün istifadə olunsun. Ona görə də ilk növbədə bizə dəstək olan dövlətimizin, dövlətçilik maraqlarımızın ətrafında sıx birləşməliyik".
Tarixçi-araşdırmaçı Yusif Məmmədli Azərbaycanın dövlətçilik ənənələri, milli kimliyin qorunub-saxlanılması və dəyərlərin təbliği mövzusunda çıxış etdi. O, qeyd etdi ki, bu gün milli mənəvi dəyərlər məfkurəsinin qorunması üçün hər bir inanclı şəxs birləşməli, vəhdət şəklində dövlətçiliyin inkişafına çalışmalıdır. Bu, inanclı kəsim üçün prioritet olaraq götürülməlidir.

Layihənin yekunu ilə bağlı çıxış edən Hacı Surxay Məmmədli QMİ-yə və onun rəhbəri Şeyxülsilam Hacı Allahşükür Paşazadəyə, həmçinin DQİDK-yə və qurumun sədri Mübariz Qurbanlıya layihənin keçirilməsi üçün şərait yaradıldığına görə öz təşəkkürünü bildirdi və vurğuladı ki, bu kimi layihələrin, tədbirlərin həyata keçirilməsi dövlət-din münasibətləri fonunda milli özünüdərki kifayət qədər ehtiva etməkdədir: "Əlbəttə ki, bu br örnəkdir və bu örnəyi genişləndirmək, hər birimizin vətəndaşlıq borcumuzdur. Biz bu layihəni başa çatdırsaq da, növbəti bənzər layihələrimiz davamlı olacaq və biz çox şadıq, o cümlədən minnətdarıq ki, Azərbaycanın dövlət rəhbərliyi, ölkə Prezidenti cənab İlham Əliyev bu cür təşəbbüslərlə çıxış edir, bizlərə dəstək göstərir. Biz də bu önəmli fürsətdən istifadə edərək, milli kimliyimizin, dəyərlərimizin formalaşması istiqamətində var gücümüzlə çalışacaq, töhfələrimizi verəcəyik və buna heç kim şübhə etməsin. Biz, İnşaAllah bu işimizi gələcəkdə də davam edirərək, inanclı kəsimə dövlətçilik ənənələrini, milli dəyərləri aşılayacağıq".

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə