Millət vəkili: “Səs” qəzeti tarixi missiyanı həyata keçirib” AÇIQLAMA

“Səs” qəzeti dövlətçiliyimizin qurtuluş tarixinə və tərəqqi proseslərinə töhfələr vermiş mətbuat orqanıdır”
Millət vəkili: “Səs” qəzeti tarixi missiyanı həyata keçirib” AÇIQLAMA

"Bu gün Azərbaycanda söz və mətbuat azadlığının bütün səviyyələrdə müdafiə və təmin edilməsi heç kəsə sirr deyil. Elə bunun nəticəsidir ki, ölkəmizdə çoxlu sayda gündəlik, həftəlik və aylıq qəzetlər, saytlar, xəbər portalları, televiziyalar fəaliyyət göstərir. Hətta, internetdən istifadə edənlərin sayının 75 faizdən artıq olması, sosial şəbəkələrə girişin məhdudiyyətsizliyi cəmiyyətimizdə ifadə və fikir azadlığına olan hörmətin, münasibətin göstəricisidir". Bu fikirləri SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

O bildirib ki, müasir Azərbaycan dövlətçiliyinin inkişafında, xarici və daxili təsirlərdən müdafiə edilməsində medianın da rolu danılmazdır. Deputat qeyd edib ki, belə mətbuat orqanlarından biri də sabah təsis edilməsinin 26-cı ildönümünü qeyd edəcəyimiz "Səs" qəzetidir: "Səs" qəzeti təsis edildiyi gündən Azərbaycanın müstəqilliyi, söz, mətbuat azadlığı və demokratiya uğrunda mübarizənin önündə gedib, xalqımızın milli maraqları və dövlətçiliyi naminə fəaliyyət göstərib. Azərbaycan cəmiyyətində yeni sözə və fikrə böyük ehtiyac duyulduğu bir zamanda təsis edilən "Səs" insanlara daha obyektiv və qərəzsiz informasiya çatdırmaqla ictimai düşüncənin düzgün formalaşdırılması prosesində uğurla iştirak edib. Hələ 1991-ci ildən başlayaraq, Azərbaycanın siyasi-ictimai və sosial-iqtisadi böhran keçirdiyi zamanlarda müstəqillik idealları uğrunda mübarizə aparan səngərdə yer alan "Səs" qəzeti 1992-ci il oktyabrın 16-da ölkənin 91 nəfər tanınmış ziyalısının Ümummilli Lider Heydər Əliyevə müraciətini, oktyabrın 24-də isə Ulu Öndərin həmin müraciətə cavabını dərc etməklə tarixi missiyanı həyata keçirmiş olub. Bu mənada, müasir Azərbaycanın həyatında baş vermiş bütün hadisələri işıqlandırmış "Səs" qəzeti dövlətçiliyimizin qurtuluş tarixinə, inkişaf və tərəqqi proseslərinə bələdçilik etmiş və töhfələr vermiş mətbuat orqanıdır".

S.Vəliyeva vurğulayıb ki, ötən 26 il ərzində şərəfli inkişaf yolu keçmiş "Səs" qəzeti möhkəm əqidə, sağlam düşüncə, kreativlik məktəbi formalaşdırıb: "Səs" qəzeti sədaqətini ötən əsrin 90-cı illərinin əvvəllərində Ümummili Lider Heydər Əliyev şəxsiyyətinin və ideyalarının mübariz təbliğatçısı rolunu qətiyyətlə öz üzərinə götürməklə təsdiqləyib. Qəzet fəaliyyət göstərdiyi bütün dövrlərdə dövlətçilik, azərbaycançılıq ideologiyasının carçısı olub, cəmiyyətdə siyasi plüralizmə kəskin ehtiyac duyulduğu həmin illərdə sağlam düşüncəli vətənpərvər ziyalıların tribunası rolunu oynayıb. Sağlam əqidə, milli özünüdərk ruhunda köklənmiş insanları ətrafında birləşdirən "Səs" qəzeti heç zaman öz yolundan çəkinməyib, Ümummilli Lider Heydər Əliyevin ideyalarını qətiyyətlə təbliğ edib.

Əminəm ki, bu gün də dövlətçilik ənənələrini yayan, cəmiyyətimizin informasiya tələbatının ödənməsində mühüm rol oynayan "Səs" qəzeti bundan sonra da Azərbaycan cəmiyyətinə, dövlətçiliyinə sədaqətlə xidmət edəcək. Qəzet Ulu Öndər Heydər Əliyev ideyalarının cənab Prezident İlham Əliyevin rəhbərliyilə həyata keçməsinin, Azərbaycanımızın dinamik inkişafının, daxili və xarici siyasətinin uğurlarının hərtərəfli təbliğində mühüm rol oynayır və bu xətti inamla davam etdirəcək.

Bir daha "Səs" qəzetinin təsis edilməsinin növbəti ildönümü münasibətilə qəzetin rəhbərliyini və kollektivini təbrik edirəm, sizlərə qarşıda duran məsuliyyətli işlərdə nailiyyətlər və yeni-yeni yaradıcılıq uğurları arzu edirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə