Taleh Bağırov, Fuad Qəhrəmanlı və digərlərinin məhkəməsində vəkillər çıxış edib

Taleh Bağırov, Fuad Qəhrəmanlı və digərlərinin məhkəməsində vəkillər çıxış edib

Dünən Bakı Ağır Cinayətlər Məhkəməsində Taleh Bağırov, Fuad Qəhrəmanlı və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi fasilədən sonra davam etdirilib. APA-nın xəbərinə görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə Fuad Qəhrəmanlının vəkili Nemət Kərimli, Şamil Abduləliyevin vəkili Zibeydə Sadıqova və Taleh Bağırovun vəkili Yalçın İmanov çıxış ediblər.

Onlar ittihamın əsassız olduğunu, sübuta yetirilmədiyini, təqsirləndirilən şəxslərin əməllərində cinayət tərkibi olmadığını deyiblər. Vəkillər müdafiə etdikləri şəxslərə bəraət verilməsini istəyiblər. Proses yanvarın 11-də davam edəcək.

Qeyd edək ki, T. Bağırov Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsinin 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.12, 29,120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsinin 29, 120. 2.1, 29,120.2.3, 29, 120.2.4, 29,120.2.7, 29, 120. 2. 12, 228.3-cü (qanunsuz olaraq odlu silah əldə etmə), 228.4-cü (qanunsuz olaraq silah gəzdirmə) və digər maddələri ilə ittiham olunur. Ötən il noyabrın 26-da hüquq-mühafizə orqanlarının əməkdaşlarının Bakının Nardaran qəsəbəsində keçirdikləri xüsusi əməliyyat zamanı T. Bağırov da daxil olmaqla 60-dan çox şəxs saxlanılıb. Həmin şəxslərdən bir neçəsinin cinayət işi digərlərindən ayrılaraq Sabunçu rayon Məhkəməsinə göndərilib, barələrində müvafiq hökmlər çıxarılıb.

AXCP sədrinin müavini F. Qəhrəmanlı isə ötən il dekabrın 8-də həbs edilib. Məhkəmə onun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçib. O, Cinayət Məcəlləsinin 281 (dövlət əleyhinə açıq çağırışlar), 283-cü ( milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) və 220.2-ci (hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə) maddələri ilə ittiham olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə