AMЕA Naхçıvan Bölməsində yeni materiallar tədqiqata cəlb olunub

AMЕA Naхçıvan Bölməsində yeni materiallar tədqiqata cəlb olunub

AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun əməkdaşları tərəfindən müxtəlif arxivlərdən, muzeylərdən, kitabxanalardan toplanılan yeni materiallar tədqiqata cəlb olunub. AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsindən SİA-ya verilən xəbərə görə, belə ki, 1853-1856-cı illər Şərq (Krım) və 1877-1878-ci illər rus-türk müharibələrində Naxçıvanın Kəngərli süvarilərinin və naxçıvanlı hərbiçilərin iştirakı, Kəngərli süvarilərinin Rusiya çarlarının mühafizə dəstəsində fəaliyyəti, general-mayor II Kalbalı xan Naxçıvaniskinin Rusiyanın paj korpusunda təhsili, Palkovnik Əbülfəz ağa Şahtaxtinskinin Port-Artur döyüşlərində iştirakı ilə bağlı arxivlərdən yeni materiallar toplanılıb.

Naxçıvanın tarixi coğrafiyasının öyrənilməsi istiqamətində əvvəlki illərdə toplu şəkildə nəşr olunan Türk Cümhuriyyəti Başbakanlıq Osmanlı Arxivində saxlanılan bir sıra sənədlər və ilk dəfə olaraq tədqiqata cəlb olunan Heydər ağa Şahtaxtinski ilə bağlı məlumatlar da elmi araşdırmalara cəlb olunan yeni materiallar içərsindədir.

Qeyd edək ki, tarix boyu Naxçıvan dünyanın aparıcı dövlətlərinin daim diqqət mərkəzində olub. Böyük güclərin geosiyasi planlarının və rəqabətlərinin nəticəsi olaraq Cənubi Qafqazda milli, etnik münaqişə zonaları yaradılıb və bölgə xalqları bundan ağır yaralar alıb. Böyük güclər "Erməni məsələsi"ni Azərbaycanın ayrılmaz parçası olan Naxçıvanda da gündəmdə saxlayıb və erməniləri Naxçıvana qarşı təcavüzkar hərəkətlərə təşviq ediblər. Müxtəlif dövrlərdə ermənilərdən faydalanaraq qarşılıqlı əməkdaşlıq çərçivəsində formalaşan böyük güclərin siyasətləri Şərqi Anadoluda yaşayan türklərlə birlikdə, Qafqazdakı Azərbaycan türkləri üçün də fəlakət mənbəyi olaraq ortaya çıxıb və minlərlə azərbaycanlının ermənilər tərəfindən soyqırımına məruz qalmasına səbəb olub ki, bütün bu faktlar da elmi araşdırmalara cəlb edilib. 1917-1920-ci illəri əhatə

edən arxiv sənədlərində saxtakar ermənilərin Naxçıvana qarşı təcavüz siyasətlərini təsdiq edən mühüm tarixi sənədlər var. Məlumat üçün qeyd edək ki, əldə olunan mühüm sənədlərin 60-a yaxını keçən ilin sonlarında nəşr olunan "İngiltərənin geosiyasi maraqlarında "erməni məsələləri"nin yeri və Azərbaycana təsiri (1917-1920)" adlı monoqrafiyada işıqlandırılıb.

Qeyd edək ki, institutut əməkdaşlarından aparıcı elmi işçi, tarix üzrə fəlsəfə doktoru Musa Quliyevin, tarix üzrə fəlsəfə doktoru, dosent, Emin Şıxəliyevin, elmi işçi Elnur Kəlbizadənin topladığı yeni materiallar Rusiya Dövlət Tarix Arxivindən (Moskva), Rusiya Dövlət Hərbi-Tarix Arxivindən (Moskva), Gürcüstan Milli Arxivindən, İlya Çavçavadze adına Gürcüstan Milli Mərkəzi Kitabxanasından, Canaşia adına Gürcüstan Dövlət Tarix Muzeyindən, İngiltərənin Milli Arxivlərindən, Azərbaycan Respublikası Dövlət Tarix Arxivindən, AMEA Naxçıvan Bölməsinin Mərkəzi Elmi Arxivindən əldə olunublar.

Bütün xəbərlər Facebook səhifəmizdə