Bakı-Sumqayıt-Bakı qatarları ilə gündə 5 mindən artıq sərnişin daşınır AÇIQLAMA

Bakı-Sumqayıt-Bakı qatarları ilə gündə 5 mindən artıq sərnişin daşınır AÇIQLAMA

"2015-ci ilin sentyabr ayının 15-dən fəaliyyətə başlayan Bakı-Sumqayıt-Bakı elektrik qatarı ilə bu gün bir milyonuncu sərnişini yola saldıq. Bu, "Azərbaycan Dəmir Yolları" QSC üçün sevindirici haldır". SİA-nın məlumatına görə, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin Sərnişin daşımaları departamentinin rəis müavini Mədəd Şıxəmirov jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, Sərnişin daşımaları departamenti Bakı-Sumqayıt-Bakı elektrik qatarlarını daim diqqətdə saxlayır, sərnişinlərin rahatlığı və vaxt uyğunluğu üçün bütün tədbirləri görür: "Bakı-Sumqayıt-Bakı elektrik qatarlarından istifadə edənlərin sayı hər gün artır. Bu istiqamətdə qatarlar fəaliyyətə başlayan zaman aralıq dayanacaqlar yox idi. Biləcəri və Xırdalan stansiyalarında dayanacaq yaradıldıqdan sonra sərnişinlərin sıxlığı iki dəfə artıb. Bakı-Sumqayıt-Bakı qatarları gün ərzində təxminən 5 mindən artıq sərnişin daşıyır. İki milyonuncu sərnişinimiz təxminən 6-7 aydan sonra bəlli olacaq".

M.Şıxəmirov bildirib ki, Bakı-Sumqayıt-Bakı qatarlarında biznes-klass vaqonda gediş haqqı 2 manat 50 qəpikdən 1 manat 20 qəpiyə endirilib. Əlavə edib ki, ekonom-klass vaqonlarda isə gediş haqqı dəyişilməz olaraq 80 qəpik qalıb. O, hazırda gediş haqlarının qaldırılması haqda heç bir fikir olmadığını vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə