Heydər Əliyev Beynəlxalq Hava Limanının sərnişin dövriyyəsi rekord göstəriciyə çatıb

Heydər Əliyev Beynəlxalq Hava Limanının sərnişin dövriyyəsi rekord göstəriciyə çatıb

Heydər Əliyev Beynəlxalq Hava Limanı 2016-cı ildə 3,26 milyon sərnişinə xidmət göstərmişdir ki, bu da Azərbaycan mülki aviasiya tarixində rekord göstəricidir.

Heydər Əliyev Beynəlxalq Hava Limanının mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, sərnişin dövriyyəsinin 83,5 faizi beynəlxalq daşımaların payına düşüb. 2016-ci ildə Azərbaycanın paytaxtına Azərbaycan Hava Yolları (AZAL) milli aviadaşıyıcısı da daxil olmaqla 28 sərnişin aviaşirkəti uçuşlar yerinə yetirib. Xaricə gedən sərnişinlərin 51,3 faizi AZAL-ın payına düşmüşdür. Populyar xarici aviaşirkətlərin beşliyinə "Türk Hava Yolları", "Aeroflot", "S7 Airlines", "FlyDubai" və "Qatar Airways" daxil olub.

İstanbul, Moskva, Dubay və Kiyev ən populyar beynəlxalq istiqamətlərin siyahısına rəhbərlik etmişdir - ötən il bu şəhərlərə sərnişin dövriyyəsi 1,37 milyon nəfər təşkil edib.

2016-cı ildə "Iraqi Airways"," Fly Baghdad", "ATA Airlines", "Air Cairo", "Komiaviatrans" aviaşirkətləri və Rusiyanın Pobeda lou-kosteri Azərbaycana uçuşlara başlayıb.

Heydər Əliyev Beynəlxalq Hava Limanının yeni aerovağzal kompleksi (Terminal 1) 2014-cü ilin aprel ayında istifadəyə verilmişdir. Onun ümumi sahəsi 65 min kvadratmetr təşkil edir.

Dünyada müxtəlif aviaşirkətlər və hava limanları tərəfindən göstərilən xidmətlərin keyfiyyətinin öyrənilməsi üzrə ixtisaslaşan Böyük Britaniyanın nüfuzlu konsaltinq şirkəti Skytrax tərəfindən Heydər Əliyev Beynəlxalq Hava Limanı 4 ulduza layiq görülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə