"Hazırda Respublika ərazisində mövcud olan hava şəraiti yanvar ayı üçün xarakterikdir". Bunu SİA-ya açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova deyib.
O bildirib ki, yaxın 10 il ərzində də belə hava şəraiti müşahidə olunub: "Əvvəlki illərdə də yanvar ayında 10-15 dərəcə, hətta bəzi illərdə 17-18 dərəcə isti müşahidə edilib. Hazırda ölkə ərazisində havanın temperaturu 10-12 dərəcə arasında dəyişir. Mülayim hava şəraiti yaxın 2-3 gün ərzində davam edəcək".
Qonşu ölkələrdə havanın soyuq keçməsinin ölkəmizə təsirinə gəlincə, G. Məmmədova bildirib ki, qonşu ölkələrdə hava şəraiti qeyri-sabit keçməsinə baxmayaraq, Azərbaycanda hava şəraitində heç bir dəyişiklik müşahidə olunmur və yaxın günlərdə də gözlənilmir.
Qeyd edək ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Bəzi yerlərdə zəif duman, axşam çiskin olacaq. Mülayim cənub-qərb küləyi arabir güclənəcək. Havanın temperaturunun gecə 2-5° isti, gündüz 8-13° isti, Bakıda gecə 2-4° isti, gündüz 10-12° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 765 mm civə sütunundan 759 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 40-50 % təşkil edəcək.
Tibbi-meteoroloji proqnoza gəlincə, yanvarın 7-də Abşeron yarımadasında atmosfer təzyiqinin xeyli enməsi fonunda arabir güclənən gilavar küləyi meteohəssas insanlarda narahatlıq hissi yaratsa da, sonrakı iki gündə meteoroloji amillərin mülayim tərəddüdü əsasən əlverişlidir.
Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 1° şaxtadan 4 °-dək isti, gündüz 9-14°, dağlarda gecə 0-5° şaxta, gündüz 2-7° isti olacağı gözlənilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB