Kiyevdə həmvətənimizin kitabının təqdimatı keçirilib

Kiyevdə həmvətənimizin kitabının təqdimatı keçirilib

Ukrayna paytaxtındakı P.L.Şupik adına Diplomdansonrakı Təhsil Milli Tibb Akademiyasında (MDTTA) "Stomatologiyada infeksiya nəzarəti standartları" kitabının təqdimatı keçirilib.

Nəşrin müəllifi bizim həmvətənimiz, akademik Zərifə Əliyeva adına Ukrayna Beynəlxalq Elmi-Tibbi Mərkəzin rəhbəri, P.L.Şupik adına MDTTA-nın mikrobiologiya və epidemiologiya laboratoriyasının müdiri, Dünya Səhiyyə Təşkilatının Avropa bürosu yanında Ukraynanın Milli Əlaqələndiricisi, Ukrayna Antomikrob Rezistentliyi və infeksiya nəzarəti Assosiasiyasının rəhbəri, "Beynəlxalq antibiotika və probiotika jurnalı" adlı elmi nəşrin baş redaktoru, tibb elmləri doktoru, professor Aydın Salmanovdur.

Professor A. Salmanov AZƏRTAC-a müsahibəsində bildirib ki, MDB ölkələrində tibbi profilli ali məktəblər üçün dərslik kimi bu formatda ilk dəfə nəşr edilən "Stomatologiyada infeksiya nəzarəti standartları" kitabı beynəlxalq standartlara cavab verir və Avropa İttifaqı universitetlərinin tədris proqramlarına müvafiqdir.

Kitabda tibbi xidmətlərin infeksion təhlükəsizliyinin təmin edilməsi, o cümlədən beynəlxalq standartlara görə stomatoloji kabinet və şöbələrdə mövcud olması nəzərdə tutulan tibbi təyinatlı malların dezinfeksiya və sterilizasiya tədbirlərinin təşkili, həyata keçirilməsi və onların səmərəliliyinə nəzarət məsələləri araşdırılır.

Kitab praktiki fəaliyyətlə məşğul olan həkim-stomatoloqlar, həkim-internlər, aspirantlar, klinik ordinatorlar, habelə ali məktəblərin stomatologiya fakültələrinin tələbələri və başqaları üçün nəzərdə tutulub.

Təqdimat mərasimində Ukrayna Səhiyyə Nazirliyinin, Ukrayna Milli Tibb Elmləri Akademiyasının, P.L.Şupik adına MDTTA-nın, O.Boqomolets adına Milli Tibb Universitetinin və tibbi profilli elmi-tədqiqat institutlarının nümayəndələri iştirak ediblər.

Xatırladaq ki, professor Aydın Salmanov 31 kitabın (monoqrafiyalar, dərsliklər, sorğu kitabları) müəllifidir. Bu kitabların 25-i Azərbaycan xalqının şanlı qızı, görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın nurlu xatirəsinə həsr edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə