Dünya azərbaycanlılarının birlik və həmrəylik simvolu

Qubada 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd olunub
Dünya azərbaycanlılarının birlik və həmrəylik simvolu

Quba rayon icra hakimiyyəti və YAP Quba rayon təşkilatının birgə təşkilatçılığı ilə "Quba Yay" şadlıq sarayında 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibəti ilə tədbir keçirilib. Tədbirdə Quba rayon icra hakimiyyətinin başçısı Yaşar Məmmədov çıxış edərək, Dünya Azərbaycanlıların Həmrəyliyi Günün tarixi əhəmiyyətinə nəzər salıb. Qeyd edib ki, 31 Dekabr Dünya Azərbaycanlıların Həmrəylik Günü Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyev dünya azərbaycanlılarının birliyini və təşkilatlanması məsələlərini daim diqqət mərkəzində saxlayır, xarici ölkələrə etdiyi səfərlər zamanı Azərbaycan diasporunun nümayəndələri ilə görüşlər keçirir, daha sıx təşkilatlanmalarına dair dəyərli tövsiyələr verirdi:"Bu gün Onun siyasəti möhtərəm Prezidentimiz Cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dünyada demokratiya və inkişafın birgə nümunəsi olan Azərbaycan Respublikası bütün dünya azərbaycanlılarının birlik və həmrəylik simvoludur".

Tədbirdə çıxış edən YAP Quba rayon təşkilatının sədri Yusif Abidov Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü bütün Azərbaycan xalqının milli bayramına çevrildiyini bildirib. Qeyd edib ki, bayramın əsas qayəsi azərbaycanlıların birliyi, milli-mənəvi dəyərlərə hörmət, Azərbaycan xalqına məxsusluq və tarixi Vətənə bağlılıq hissini təşviq etməkdir: "Ümummilli Liderimiz Heydər Əliyevin təşəbbüsü ilə 31 dekabr gününün dünyanın hər yerinə səpələnmiş soydaşlarımızın və həmvətənlərimizin əziz bayramı kimi qeyd edilməyə başlanması xalqımızın milli amallar uğrunda birləşməsi hərəkatının təməlini qoymuşdur. Bu hərəkat sonrakı dövrdə geniş vüsət almış, dünya azərbaycanlıları ilə əlaqələrin inkişaf etdirilməsi, xarici ölkələrdə diaspor təşkilatlarının formalaşmasına kömək göstərilməsi ölkəmizdə həyata keçirilən dövlət siyasətinin ayrılmaz tərkib hissəsinə çevrilib. Milli-mənəvi bütövlüyümüzün, dil, əqidə, əməl birliyimizin yaradılması istiqamətində görülən işlər azərbaycançılıq ideyasını soydaşlarımızın şüurlarına və qəlblərinə hakim edib".

Rayon təşkilatının sədri vurğulayıb ki, bu gün hər bir soydaşımız dünyanın harasında yaşamasından asılı olmayaraq, inkişaf etmiş ölkələr sırasına çıxmaq üçün son 13 il ərzində nəhəng və sürətli inkişaf yolu keçmiş, dünyanın siyasi, iqtisadi və humanitar həyatında fəal rol oynayan müstəqil Azərbaycan dövlətinin uğurlarından qürurlanır və fəxr edirlər ki, azərbaycanlıdırlar.

Sonra bir qrup rayon fəalları fəxri fərmanlar və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.

Tədbir konsert proqramı ilə davam etdirilib. Tədbirdə Aşıq Əhliman, Aşıq Haşım tədbir iştirakçılarını sazla sözlə təbrik ediblər.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə