Səfirimiz Şahid Xanla görüşüb

Səfirimiz Şahid Xanla görüşüb

Azərbaycan Respublikasının Pakistan İslam Respublikasındakı səfiri Əli Əlizadə Pakistan İslam Respublikası Prezidentinin katibi (Prezident administrasiyasının rəhbəri) Şahid Xan ilə görüşüb. SİA-nın səfirlikdən aldığı məlumata görə, Azərbaycan-Pakistan arasında yüksək münasibətlərdən söz açan səfir, Azərbaycan və Pakistan xalqları arasında mövcud olan mədəni, dini bağlılıqlar, mənəvi dəyərləri qeyd etmiş, iki ölkə arasında qardaşlıq əlaqələrinin yaranmasında və möhkəmlənməsində hər iki ölkənin rəhbərlərinin xüsusi rolunun olduğunu, hər iki ölkənin bütün məsələlərdə, eyni zamanda beynəlxalq təşkilatlar çərçivəsində biri-birini dəstəklədiyini bildirib.

Səfir İslam Əməkdaşlıq Təşkilatının Kəşmir məsələsi və Ermənistanın Azərbaycan Respublikasına qarşı təcavüzünə dair Təmas Qruplarına hər iki ölkənin qarşılıqlı olaraq qoşulmasının səmimi qardaşlıq əlaqələrinin bir təzahürü olduğunu vurğulamış, Dağlıq Qarabağ münaqişəsində Pakistanın Azərbaycana göstərdiyi dəstəyin yüksək qiymətləndirildiyini qeyd edib. Səfir həyata keçirilmiş qarşılıqlı səfərlərdən sonra ümumilikdə əlaqələrin daha da canlandığını qeyd edərək, növbəti il ərzində də bir çox qarşılıqlı səfərlərin və birgə layihələrin baş tutacağını bildirib.

Şahid Xan hər iki ölkə arasında mövcud olan isti münasibətlərdən məmnunluğunu bildirərək, Pakistan Prezidentinin Azərbaycanla əlaqələrdə maraqlı olduğunu qeyd edib, Azərbaycanı da əhatə edən İpək Yolunun bərpasının Azərbaycan və Mərkəzi Asiya ölkələrin əhəmiyyətini daha da artıracağını söyləyib, Azərbaycanla Pakistan arasında birbaşa hava reyslərinin bərpa edilməsinin bu baxımdan çox əhəmiyyətli olduğunu vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə