“Naxçıvanın tarixi abidələri” açıq dərs

“Naxçıvanın tarixi abidələri” açıq dərs

AMEA Naxçıvan Bölməsinin Dəyirmi zalında muxtar respublikanın orta məktəbləri üçün videobağlantı vastə ilə açıq dərs keçirilib. AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsindən SİA-ya verilən xəbərə görə, "Naxçıvanın tarixi abidələri" mövzusunda keçrilən açıq dərsdə AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Qədim dövr arxeologiyası şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev Naxçıvan tarixinin Neolit və Enolit abidələri haqqında şagirdlərə ətraflı məlumat verib.

Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 6 dekabr 2005-ci il tarixli "Naxçıvan Muxtar Respublikası ərazisindəki tarix-mədəniyyət abidələrinin qоrunması və paspоrtlaşdırılması işinin təşkili haqqında" Sərəncamına əsasən muxtar respublika ərazisində geniş miqyaslı tədqiqatlar aparılır. 2006-cı ildən bölgənin müxtəlif ərazilərinə təşkil olunan beynəlxalq ekspedisiyalar zamanı 1200-dən artıq abidə qeydə alınıb.

Vəli Baxşəliyev I Kültəpə qədim yaşayış yerlərində qazıntılar zamanı çox sayda maddi-mədəniyyət nümunələrinin aşkar olunduğunu və tədqiqatlar zamanı əldə olunan maddi-mədəniyyət nümunələri, tikinti qalıqları, məişət qablarının parçaları, habelə fauna və flora qalıqları qədim yaşayış yerlərində yaşamış insanların həyat tərzini öyrənməyə kömək etdiyini bildirdi. Eyni zamanda qəbr abidələrinin tədqiqi və onlardan əldə olunan zəngin materiallar da muxtar respublika ərazisi ilə bağlı qaranlıq məsəllələrin həllində az rol oynamadığını xüsusi vurğuladı.

I Kültəpə və onun ətrafında olan Uzunoba, Yeni yol, Uçan ağıl və digər qədim yaşayış yerləri barəsində məlumat verən tədqiqatçı araşdırmalar zamanı

tapılan maddi-mədəniyyət nümunələrinin mədəniyyətlərin xronologiyasını dəqiqləşdirmək üçün böyük əhəmiyyəti olduğunu bildirdi. Şagirdlərin diqqətinə o da çatdırıldı ki, abidələrin yaşı karbon analizi vastəsi ilə təyin edilir və xüsusi aparatlar vastəsi ilə xərtələşdirilir.

Açıq dərsdə qeyd olundu ki, bu il Naxçıvan şəhəri ərazisində, Naxçıvan çayının sağ sahilində aparılan araşdırmalar nəticəsində şəhərin ərazisindəki məskunlaşma tarixini daha da qədimləşdirməyə imkan verən yeni yaşayış yeri aşkar olunub. Erkən Eneolit dövrünə aid edilən yaşayış yerində aşkar olunan bəzi keramika nümunələri və əmək alətləri Neolit dövrünün də varlığından xəbər verir.

Bildirildi ki, Naxçıvanın qədim mədəniyyətlərinin formalaşması və Yaxın Şərq ölkələri ilə əlaqələrinin öyrənməsi baxımından aşkar olunan abidələrin əhəmiyyəti böyükdü və gələcəkdə regionda bu cür araşdırmalar davam etdiriləcək.

Məlumat üçün qeyd edək ki, açıq dərs Naxçıvan Muxtar Respublikasının 194 məktəbində izlənilib.

Bütün xəbərlər Facebook səhifəmizdə