Binəqədidəki yanğınla bağlı məhkəmədə nələr danışıldı?

Binəqədidəki yanğınla bağlı məhkəmədə nələr danışıldı?

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Binəqədi rayonunda yaşayış binasında baş verən yanğınla bağlı təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. SİA-nın məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən məhkəmə prosesində təqsirləndirilən Akif Əlibəyovun vəkili müdafiə çıxışı edib. Vəkil, hüquqlarını müdafiə etdiyi şəxsin əməlində cinayət tərkibinin olmadığını iddia edərək onun barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Daha sonra Qəzənfər Novruzovun vəkili müdafiə nitqi söyləyib. O, Binəqədi rayonunda binaların üzlənməsi ilə bağlı rayon icra hakimiyyətində "Global Construction" MMC ilə müqavilə bağlanıldığını deyib.

Çıxışlardan sonra hakim Əfqan Hacıyev növbəti məhkəmə prosesinin yanvarın 10-u saat 10:00-da davam etdiriləcəyini deyib.

Xatırladaq ki, dövlət ittihamçısı çıxışında M.Mahmudovun 10 il, Ə.Əsgərovun 7 il, U.Bəşirovun 8 il, Q.Novruzovun 7 il, Ə.Rəcəbovun 7 il, N.Orucovun 5 il , A.Məmmədovun 5 il və A.Əlibəyovun 5 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Qeyd edək ki, ötən il mayın 19-da paytaxtın Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında ağır nəticələrə səbəb olmuş yanğınla bağlı binaların üzlənməsində istifadə olunan "poliuretan" məmulatını istehsal edən "Qlobal Stone" və "Global Constuction" MMC təsisçisi Miryusif Mahmudov, "Qlobal Stone" MMC-nin baş direktoru Uğur Bəşirov, "Global Construction" MMC-nin sədr müavini Ələkbər Əsgərov, 2012-2013-cü illərdə Binəqədi rayon mənzil-kommunal təsərrüfat birliyinin rəisi işləmiş rayon icra hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri Ədalət Rəcəbov, Binəqədi rayonu, 72 saylı mənzil-kommunal istismar sahəsinin rəisi Nizami Orucov və binanın poliuretan materialla üzlənməsi işlərinə nəzarət funksiyalarını həyata keçirməli olan, 2012-2013-cü illərdə Binəqədi rayon İcra Hakimiyyəti başçısının birinci müavini işləmiş Qəzənfər Novruzov, Cinayət Məcəlləsinin 225.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarları həbs qətimkan tədbiri seçilib.

Bundan başqa, cinayət işinə "Dərnəgül Boru" Zavodunun laboratoriya rəhbəri Ağacavad Məmmədov və Səhiyyə Nazirliyi yanında Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru Akif Əlibəyov da cəlb edilib. Onlar barəsində həbs-qətimkan tədbiri seçilməyib.

Yanğın nəticəsində 15 nəfər ölüb, 50 nəfər xəsarət alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə