Azərbaycan Respublikasının ərazisində xalq təsərrüfatının müxtəlif sahələrində tətbiq oluna bilən təbii seolitlərin böyük ehtiyatları mövcuddur. AMEA Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunun "Sorbsiya prosesləri" laboratoriyasında Naxçıvanın mordenit seoliti tədqiq etmək, eyni zamanda tətbiq sahələrini müəyyənləşdirmək aktual və perspektivli mövzulardan biri kimi aparılan tədqiqatlarda elmi əsaslarla öyrənilir. Qeyd edək ki, aparılan tədqiqatlarda əsas məqsəd qeyri-üzvi birləşmələrin quruluşlarının öyrənilməsi və onun əsasında yeni materialların məqsədli sintezinin həyata keçirilməsindən ibarətdir.
AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsindən SİA-ya verilən xəbərə görə, son illər Təbii Ehtiyatlar İnstitutunun "Sorbsiya prosesləri" laboratoriyasının rəhbəri, kimya üzrə fəlsəfə doktoru, dosent Günel Məmmədova seolitlərin tətbiq sahələrindən, onların alınma şəraitindən, habelə sintezindən bəhs edən və müxtəlif quruluş tipli seolitlərin-massit, offretit, ferrerit, analsim, mordenit, şabazit, amisit, fillipsit, seolit-F, erionit, lomontit, jismondin hidrotermal sintezi barəsində ətraflı məlumat verən elmi əsərlər dərc etdirib. Günel Məmmədova elmi-tədqiqat işlərinin nəticəsi kimi müxtəlif illərdə Almaniyanın Saarbrüken şəhərində ingilis dilində "Müxtəlif quruluş tipli seolitlərin hidrotermal sintezi" adlı monoqrafiya və sözügedən şəhərdə rus dilində "Mürəkkəb alümosilikatların termal və hidrotermal çevrilmələri" kitabı nəşr etdirib.
Bu günlərdə daha bir elmi tədqiqat işlərinin nəticəsi olaraq gənc alim Azərbaycan Respublikası Standartlaşdırma Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən ixtiralarına görə iki patentə layiq görülüb. Qeyd edək ki, "Erionit tipli seolitin alınma üsulu" və "Tomsonit tipli seolitin alınma üsulu" adlı hər iki patentdə adı çəkilən seolitlər yerli xammal əsasında alınıb. İlkin maddə kimi, Naxçıvan Muxtar Respublikasında böyük yatağı olan dolomitdən və gil mineralı qalluazitdən istifadə olunub. Alınmış seolit nümunələri fiziki-kimyəvi analiz metodları ilə tədqiq edilib. Müəyyən olunub ki, yerli xammal əsasında aparılan kristallaşma prosesi mülayim şəraitdə və tez bir zamanda gerçəkləşir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB