2016-cı ildə gənclər siyasəti üzrə 150 tədbir keçirilib

2016-cı ildə gənclər siyasəti üzrə 150 tədbir keçirilib

"2016-cı il ərzində gənclər siyasəti üzrə 150 tədbir keçirilib. Onlardan 120 yerli, 30 isə beynəlxalq səviyyəli olub". SİA-nın məlumatına görə, bunu bu gün keçirilən hesabat mətbuat konfransında gənclər və idman naziri Azad Rəhimov deyib.

O qeyd edib ki, il ərzində 228 nəfər xarici ölkələrə ezam olunub, 790 nəfər isə Azərbaycan Respublikasında qəbul edilib. Nazir bildirib ki, 29 yanvar 2016-cı il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev hər il olduğu kimi, bu il də Azərbaycan gənclərinin bir qrupu ilə görüş keçirib.

Onun sözlərinə görə, Azərbaycan Gənclər günü ilə əlaqədar 2 fevral 2016-cı il tarixdə elm, təhsil, mədəniyyət, ədəbiyyat və ictimai fəaliyyət sahələrində fərqlənmiş 6 nəfər gəncə 10 000 manat (on min manat) məbləğində "Gənclər üçün Prezident Mükafatı" təqdim edilib (Mükafat 2013-cü ildən təqdim edilir).

Nazir qeyd edib ki, 2016-cı ildə gənclərin, xüsusilə də regionlarda yaşayanların inkişafı üçün böyük əhəmiyyəti olan "Gənclər evi"nin şəbəkəsi genişlənib: "16 fevral 2016-cı il tarixdə Tovuz rayonunda Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin iştirakı ilə "Gənclər evi"nin açılış mərasimi keçirilib. Aprelin 25-də Binəqədi rayonunda,mayın 4-də isə Gəncə şəhərində "Gənclər evi" istifadəyə verilib. Bununla da "Gənclər Evi/Mərkəzi"nin sayı 39 çatıb".

Nazir bildirib ki, 2002-ci ildə qəbul olunmuş "Gənclər siyasəti haqqında Qanun"a 2007-ci ildə "Gənclər ili" çərçivəsində bir sıra düzəliş və əlavələr edilib. Onun sözlərinə görə, gənclərin yeni baxışları, yeni tələblərini nəzərə alaraq hazırda Milli Məclisin Gənclər və idman komitəsində qanuna yenidən baxılır.

Bütün xəbərlər Facebook səhifəmizdə