Tələbələrin karyera seçiminə nazirlik istiqamət verir

Tələbələrin karyera seçiminə nazirlik istiqamət verir

Aqrar Universitetin Baytarlıq təbabəti və zoomühəndislik fakültəsinin sonuncu kurslarında təhsil alan 12 tələbə dekabrın 22-dən 27-dək Bakıda tanışlıq səfərində olacaqlar. Nazirlikdən SİA-ya verilən məlumata görə, bir həftəyə yaxın müddətdə tələbələrlə Dövlət Baytarlıq Nəzarəti Xidmətində, Respublika Baytarlıq Laboratoriyasında, Elmi-Tədqiqat Baytarlıq İnstitutunda görüşlər keçiriləcək. Səfər və görüşlər zamanı tələbələr qida məhsullarında pestisidlərin, ağır metalların, antibiotik qalıqlarının, hormonların müəyyən edilməsi, genetik modifikasiya olunmuş orqanizmlərin təyini və digər müayinələrin həyata keçirilməsi mümkün olan ən müasir avadanlıqlarla təchiz edilmiş bu qurumların fəaliyyəti ilə tanış olacaqlar.

Tələbələrin tanışlıq səfəri Kənd Təsərrüfatı Nazirliyinin həyata keçirdiyi Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Subkomponenti çərçivəsində həyata keçirilir. Məqsəd sahə və özəl baytarlıq fəaliyyətləri, elmi tədqiqat və laboratoriya işləri, baytarlıq idarəçiliyi, epidemiloji nəzərət, baytarlıq sanitariya nəzarəti və bir sıra başqa sahələri əhatə edən baytarlıq sənətində tələbələrin öz inkişaf və gələcək karyera istiqamətlərini seçmələrinə yardım etməkdir.

Qeyd edək ki, indiyədək ADAU-nun 152 nəfər tələbəsi Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsinin heyvan sağlamlığı ilə bağlı həyata keçirdiyi bütün tədbirlərdə - brusellyoz xəstəliyinə qarşı serosorğular keçirilməsində, təlimlərdə, peyvəndləmə kampaniyasında, serosorğuların nəticələrinin epidemioloji təhlilində, Respublika Baytarlıq Laboratoriyasında müasir müayinə metodlarının tətbiqində yaxından iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə