Sahibkardan deputata tutarlı cavab

Astan Şahverdiyevə açıq məktub
Sahibkardan deputata tutarlı cavab

Sizin dekabrın 23-də bir qrup Cəbrayıl köçkünün polislə qarşıdurması ilə bağlı mətbuata verdiyiniz açıqlamalar ehtirasları soyutmaq, etiraz edənləri qanunlara riayət etməyə çağırmaq yerinə, etiraz aksiyasına, seçildiyin dairə ilə bağlı olmayan yüzminlərlə insanın qürür və şəxsiyyətinə toxunmuşdur. Rusiyaya işləməyə gedənləri "tör-töküntü adlandırmaqla onları təhqir etmisinizsiz. Məlum olur ki, siz 10 ildir ki, Milli Məclisdə oturursunuz. Sizin seçicilərinizlə nə qədər yaxın olduğunuzu yəqin ki, özləri daha yaxşı bilər. Bununla da işimiz yoxdur. Fəxrlə vurğuladığınız elmi sahədə hansı kəşflərə imza atmısınız, hansı ixtiralarınız, yeniliklərlə bu ölkəyə başucalığı gətirmisiniz, onu da hamı bilir.

Amma sizin diqqətinizə bir neçə faktı çatdırmaq istəyirəm. Azərbaycandan kənarda yaşayan azərbaycanlıların dövlətinin, millətinin adını nə qədər uca tutduqlarını bilirsinizmi? Dünyaca məhşur Müslüm Maqomayev, Baykonurda uçuş mərkəzinin sədri olmuş general Kərim Kərimov, Xalq rəssamı Tahir Salahov, yazıçı Çingiz Hüseynov, məşhur iş adamı Araz Ağalarov, məşhur müğənni Emin Ağalarov, iş adamı Fərhad Əhmədov, kosmik tibbdə onlarla patentin müəllifi general Vaqif Nağıyev, tanınmış jurnalist İradə Zeynalova, rusların "Yüzilliyin pianoçusu" adını verdikləri məşhur pianoçi Tamilla Mahmudova, Rusiyaya dəfələrlə dünya və olimpiya oyunlarında qızıl medallar gətirən, qılıncoynatma üzrə Rusiya yığmasının baş məşqçisi İlqar Məmmədov, "Buran" kosmik gəmisinin konstruktoru Zakir Fərəcov, "Rusiyanın qəhrəmanı" fəxri adını almış Rusiya Dövlət Atom Gəmiqayırma Mərkəzinin prezidenti olmuş Davud Paşayev, admiral R.Talışinskiy və s. və s. Bu siyahıya yüzlərlə, minlərlə Azərbaycan millətinin adını ucaldan, xalqının adına şərəf gətirən adları daxil etmək olar.

Amma görün, siz, jurnalistin adicə sualına necə cavab verirsiniz: "Azərbaycan cəmiyyəti haqda Rusiyada çox pis fikir formalaşıb, səbəbi bilirsiniz nədir? Mən bunun səbəbini araşdırmışam. Rusiyaya gedənlər kimlərdir? Bizim cəmiyyətin "otxodları"dır. Gedib bazarda işləyənlər. İndi burda baş qaldıranlar da… Hər yerdə belə tör-töküntülər var". Astan Şahverdiyev, nə vaxtdan bazarda işləmək, ticarətlə məşğul olmaq ayıb iş sayılıb? Bəlkə bu, sizin yeni elmi kəşfinizdir? Sizcə, ailələrini saxlamaq üçün bir tikə çörək dalınca uzaq ölkələrə gedən insanlar tör-töküntüdürlər? Vətəndən gedən bu adamlar səncə, nə etməliydilər? Yolmu kəsəydilər, yaxud ev yaraydılar? Yaxşı alim olsaydınız, bilərdiniz ki, miqrasiya prosesləri bütün dövrlərdə olub və bundan sonra da olacaq. Onların xarici ölkələrdən ölkəmizə göndərdiyi valyutalar yüz milyonlarla ölçülür. Bəlkə, bu belə deyil? Bəlkə bundan da xəbəriniz yoxdur?

Hazırda ölkələr və xalqlar arasında sürətli inteqrasiya prosesləri gedir, beynəlxalq siyasətdə diaspor və lobbi təşkilatlarının rolu getdikcə artır. Ölkəmizin də bu prosesə qoşulması prioritet məsələyə çevirmişdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Dünya Azərbaycanlılarının qurultaylarından birində çıxışı zamanı demişdir: "Biz öz tədbirlərimizi görməliyik, biz möhkəmlənməliyik. Azərbaycan öz iqtisadi potensialını, hərbi potensialını, siyasi imkanlarını tam şəkildə işə salır. Biz hər istiqamətdə çox sürətlə düşünülmüş proqram və konsepsiya əsasında işləyirik. Qeyd etmək istəyirəm ki, bu istiqamətdə Azərbaycan diasporunun çox böyük rolu var. Mən istəyirəm ki, həm Azərbaycanın dünyada təbliğ edilməsində, Azərbaycan həqiqətlərinin dünya birliyinə çatdırılmasında, azərbaycanlıların yaşadıqları ölkələrin ictimai-siyasi həyatında fəal iştirakında bu rol daha güclü olsun".

Buyurun, Şahverdiyev, bu da cənab Prezidentin fikirləri. Amma, siz nə deyirsiniz? Bəzi səbəblərdən bir qrup narazı adamları sakitləşdirmək əvəzinə, siz bütün respublikada ciddi narazılıq yaradan təxribatçı müsahibə verirsiniz. Sizin xalqa, dövlətə, cənab Prezident İlham Əliyevə xidmətiniz budurmu?

Erməni işğalçıları ilə Aprel döyüşləri zamanı sizin "tör-töküntü" dediyiz neçə-neçə eloğlumuz torpaqlarımızı düşməndən azad etmək üçün xarici ölkələrdən gəlib döyüşlərdə iştirak etdilər, Vətən yolunda şəhid oldular, ağır yaralandılar. Siz isə düşünmədən onları "tör-töküntü" adlandırırsınız. Bu gün də Rusiyada çalışanlar cənab Prezidentin bir çağırışı ilə ölkəyə gəlib onun əmrinə müntəzir dayanmağa hazırdırlar. Nəzərinə çatdırım ki, bu gün Rusiyada ən güclü diasporamız fəaliyyət göstərir. Burada Azərbaycanla bağlı müntəzəm tədbirlər keçirilir. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın Rusiyada Azərbaycan mədəniyyətini təbliğ edən genişsaxəli fəaliyyəti daim gündəmdədir. Sizcə, bu tədbirlərdə kimlər iştirak edir, Astan Şahverdiyev?

Sizin seçiciləriniz olan Cəbrayıldan olan köçkünlər də bu millətin bir parçasıdır. Onlar könüllü olaraq bu yerlərə pənah gətirməmişlər, onlar azğın düşmənlərimiz tərəfindən vətənlərindən, evlərindən qaçqın düşmüşlər. Hər birimizin, o cümlədən ilk növbədə sizin vəzifə borcunuzdur ki, evindən, eşiyindən, doğma yurdlarından köçkün düşən bu insanlara qayğı ilə yanaşılsın. Lazım gələrsə, onlara öz evlərimizdə yer ayırmalıyıq, onların ehtiyaclarını qarşılamalıyıq. Yoxsa bu insanları ağır ifadələrlə aşağılamaq problemləri həll etmək deyil, közərən ocağı benzin tökməkdir.

Diqqətinizə çatdırım ki, mən də vaxtilə Rusiyaya gedən insanlardanam. Böyük əziyyətlərə qatlaşaraq iş qurmuşam. Qardaşlarımla birgə Rusiya dövlətinin qanunlarına əməl edərək fəaliyyətimizi hər gün genişləndirməklə böyük bir müəssisə yaratmışıq. Lakin ulu öndər Heydər Əliyevin 90-cı illərin sonu 2000-ci illərin əvvəllərində xaricdə yaşayan imkanlı şəxslərə çağırışından sonra Vətənə qayıdıb Rusiyada qazandığım vəsaiti Lənkəranda aqrar sahənin, əsasən də heyvandarlığın və çayçılığın inkişafına sərf etmişəm. Hazırda isə möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında bu sahədə fəaliyyətimi uğurla davam etdirirəm. Böyük təsərrüfat yaratmışam. Çay plantasiyası salmışıq. Heyvandarlıq fermamız mövcuddur. Bu il tut tingi əkmişik. Həmçinin 112 səhifədə yüksək dizaynda "Yaşıl çay" jurnalı nəşr etdiririk, "yashilçhay.az" saytımız fəaliyyət göstərir. Dövlətimizin daxili və xarici siyasətini, aqrar sahə ilə bağlı xəttini təbliğ edirik. Təsərrüfatımızda 60-a yaxın işçi çalışır. Və tezliklə bu adamların sayı 100 nəfərdən çox olacaqdır. Rusiyaya gedib bazarda çalışaraq sonra iş quran adamlardan da biri mən olmuşam. Bu da respublikamızdakı fəaliyyətimiz.

İş dalınca xarici ölkələrə gedən bütün Vətənsevər insanların adından tələb edirəm ki, Rusiyaya gedib min bir əziyyətlə çörək qazanan, iş quran, Azərbaycan üçün burnunun ucu göynəyən, lazım gələrsə Azərbaycan dövləti üçün varlığından keçməyə hazır olan bu fədakar insanlardan üzr istəyəsiniz.

Araz Yağubov,

"Yaşıl çay" FT MMC-nin direktoru

Bütün xəbərlər Facebook səhifəmizdə