Bakı ŞİH: "Baş Planın bəzi məqamları reallıqdan uzaq və tam əsassızdır"

Bakı ŞİH: "Baş Planın bəzi məqamları reallıqdan uzaq və tam əsassızdır"

Dekabrın 22-də Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin təşkilatçılığı ilə "Park İnn" otelində Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında "Bakıdövlətlayihə" Institutu tərəfindən hazırlanmış "Bakı şəhərinin Ərazidən İstifadə Zonalaşdırma Planı/Baş plan" layihəsinin müzakirəsi keçirilmışdir. SİA-nın verdiyi məlumata görə, bununla bağlı Bakı şəhər icra Hakimiyyəti rəsmi olaraq bildirir ki, müzakirəyə çıxarılan layihədə şəhərin sosial-iqtisadi inkişafının bir çox istiqamətləri öz əksini düzgün tapmamışdır.

Belə ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında "Bakıdövlətlayihə" Institutunun direktoru İlqar İsbatov jurnalistlərə verdiyi açıqlamasında bəzi məqamlar (Abşeron yarımadasında Ələt qəsəbəsi ərazisində ikinci sərnişin hava limanının tikilməsi, Xırdalan şəhərində metropolitenin yeni stansiyasının inşası, çoxlu sayda yaşayış evlərinin sökülməsi və s.) reallıqdan uzaqdır və tam əsassızdır. Bu layihələr heç bir aidiyyəti dövlət qurumu ilə razılaşdırılmamış, lazımi ekspertizadan keçirilməmiş və ölkə rəhbərliyinə məruzə edilməmişdir.

Beləliklə, Bakı şəhər İcra Hakimiyyəti bəyan edir ki, təqdim edilən layihə rəsmi sənəd kimi qəbul edilə bilməz.

Bütün xəbərlər Facebook səhifəmizdə