Dekabrın 23-də Beynəlxalq Mətbuat Mərkəzində Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsinin qalibləri mükafatlandırılıb.
Fondun icraçı direktoru Vüqar Səfərli mərasimdə çıxış edərək bildirib ki, fond il ərzində ümumilikdə 10 müsabiqə keçirib. Bu müsabiqələrin 3-ü fond tərəfindən, digərləri isə müxtəlif rayonların icra hakimiyyətləri, eləcə də təşkilatlarla birgə keçirilib. İl ərzində 806 jurnalist müsabiqələrdə iştirak edib, onlardan 445-i mükafatlandırılıb.
Vüqar Səfərli onu da qeyd edib ki, budəfəki müsabiqəyə 160 yazı təqdim olunub, onlardan 114 jurnalist faydalana bilib.
Tədbirdə Fondun Müşahidə Şurasının üzvləri, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, BDU-nun professoru Cahangir Məmmədli, Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu çıxış edərək müsabiqəyə təqdim olunan yazılarla bağlı fikirlərini bildiriblər.
Diqqətə çatdırılıb ki, ötən ildən fərqli olaraq bu dəfə müsabiqəyə təqdim olunan yazılar keyfiyyət və kəmiyyət baxımından daha dəyərlidir. Xüsusilə bu il bölgədə fəaliyyət göstərən media nümayəndələrinin aktivliyi müşahidə olunur. Yazılardakı qüsurlarla da bağlı iradlar səslənib. Vurğulanıb ki, hər bir jurnalistin öz dili və üslubu olmalıdır, yazılarda plagiatlığa yol verilməməlidir.
Müzakirələrdən sonra müsabiqədə hər istiqamət üzrə 2-ci və üçüncü yerlərin qaliblərinə diplomlar təqdim edilib.
Birinci yerlərin qalibləri isə KİVDF-nin dekabrın 24-də keçirəcəyi tədbirdə mükafatlandırılacaq. 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il bayramı münasibətilə təşkil olunacaq mərasim dekabrın 24-də saat 14:00-da "Xəmsə" restoranında baş tutacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB