Azərbaycan Milli QHT Forumunun (MQF) 9-cu qurultayı öz işinə başlayıb. SİA-nın məlumatına görə, əvvəlcə qurultayın rəyasət heyəti, mandat, redaksiya və say komissiyaları seçilib.
Daha sonra isə Forumun İdarə Heyətinin 4 illik hesabatı təqdim olunub. İH-nin sədr müavini Qorxmaz İbrahimli deyib ki, ötən müddətdə 80 QHT-i foruma üzv qəbul edilib. O, regionların forumun işinə cəlbinin qanedici səviyyədə olmadığını, bu prosesdə növbəti illərdə inkişafa nail olunacağına əminliyini vurğulayıb.
Hesabatla çıxış edən MQF-nin Nəzarət Təftiş Komissiyasının sədri Ceyhun Hacıbəyov ötən müddətdə komissiyanın 16 iclasının keçirildiyini vurğulayıb. MQF üzvlərinin sayının 681 nəfərə çatdığını deyib.
MQF-nin prezidenti Rauf Zeyni deyib ki, Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafı üçün dövlət tərəfindən bütün lazımi addımlar atılıb. Onun sözlərinə görə, 2012-ci ildə MQF-nin 601 üzv var idi, hazırda isə üzvlərin sayı 681-ə çatıb. O, həm dövlət qurumları, həm özəl sektorla əməkdaşlıq etdiklərini vurğulayıb. Hesabatlar səsə qoyularaq qəbul edilib.
Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev deyib ki, vətəndaş cəmiyyəti-dövlət əlaqələrinin qurulmasında forumun böyük rolu var. O, forumun işini müsbət qiymətləndirib: "Bu forum vətəndaş cəmiyyəti üzvlərinin öz fikirlərini bölüşmələri, müzakirələr üçün unikal platformadır. Əgər forum olmasaydı, QHT-lər belə inkişaf yolu keçə bilməzdi. MQF-nin QHT- hökumət münasibətlərinin formalaşmasında böyük rolu olub. Bu sektorda çalışmaq fədakarlıq, vətənpərvərlik tələb edir. Ona görə də bu işdə hər kəsə uğurlar arzu edirəm".
A.Quliyev rəhbərlik etdiyi qurumun fəaliyyətinə də toxunub. Onun sözlərinə görə, QHT-lərə Dövlət Dəstəyi Şurası yaradılana kimi heç bir xarici donor QHT-lərin milli məsələlərlə bağlı layihələrini dəstəkləmirdi: "Hazırda demək olar ki, ölkədəki bütün QHT-lər bu qurumdan faydalanır".
Prezident Adminstrasiyasının nümayəndəsi Elman Paşayev bildirib ki, QHT-lərin tarixinə nəzər salanda MQF-nin fəaliyyətinə toxunmadan keçmək mümkün deyil. Bu gün də MQF vətəndaş cəmiyyətinin avanqardı olaraq qalır. E.Paşayev əlavə edib ki, Azərbaycan dövləti vətəndaş cəmiyyətinin fəaliyyətinə, inkişafına lazımi şərait yaradıb. Onun sözlərinə görə, Azərbaycanda QHT-lərin inkişaf potensialı çox böyükdü və bu sektorun rolu, funksiyası cəmiyyətdə nə qədər çox başa düşülsə, o qədər yaxşı olar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB