BƏƏ mətbuatında Azərbaycan barədə növbəti məqalə

BƏƏ mətbuatında Azərbaycan barədə növbəti məqalə

Birləşmiş Ərəb Əmirliklərinin(BƏƏ) nüfuzlu "Al Fajr" qəzetinin baş redaktoru Şərif Əl-Bəsilin ölkəmiz haqqında silsilə məqalələri çərçivəsində "Qız Qalası...Azərbaycan qadınının şərəf və izzət rəmzi" başlıqlı məqaləsi dərc edilib. SİA-ya ölkəmizin BƏƏ-dəki səfirliyindən verilən məlumata görə, qəzetin həm çap, həm də elektron nüsxələrində nəşr edilən məqaləsində baş redaktor paytaxt Bakıda müasir memarlıq abidələri ilə yanaşı, ölkənin qədimliyini təsdiq edən tarixi abidələrin mövcudluğunu xüsusilə qeyd edərək, möhtəşəm çağdaş görünüşlü Milli Parkla üzbəüz nadir memarlıq üslubunda inşa edilmiş Qız Qalasından söhbət açır. Qalanın qeyri-adi formasını təsvir etdikdən sonra Ş.Əl-Bəsil onun tarixi üzərində dayanır və eyni zamanda digər tarixi əhəmiyyət daşıyan abidələr kimi bu möcüzəvi tikilinin də xüsusən də Azərbaycanın birinci xanımı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən xüsusi qayğı ilə əhatə olunduğu və bunun nəticəsidir ki, onun yenidən bərpa edildiyi barədə oxuculara məlumat verir. Müəllif diqqətə çatdırır ki, qala 2000-ci ildə UNESCO-nun Ümumdünya İrsi siyahısına daxil olunub.

Məqalənin müəllifi qalanın daxili quruluşunu vəsf edərkən onun aşağıdan yuxarıya aparan dairəvi pillələrin unikallığını önə çəkir və mərtəbələrin birində muzeyin fəaliyyət göstərdiyini yazır, qeyd edir ki, qalanın yuxarısına çatdıqdan sonra unudulmaz mənzərə açılır. O, fürsətdən istifadə edərək, Bakıya gedən turistlərə Qız Qalasını hökmən ziyarət etməyi və qalanın üstündən, xüsusən də qürub vaxtı yaranan mənzərəni seyr etməyi məsləhət bilir. Həmçinin, qalanın ətrafında ekranların yerləşdirildiyi və onların üzərində bu gözəl tarixi abidə barəsində yazıların əks olunduğunu bildirir.

Sonra Ş.Əl-Bəsil Qız Qalası ilə bağlı xalq arasında daha çox yayılan əfsanəyə keçir və onun gənclər arasında sevgi nümunəsinin bariz örnəyi olduğunu qeyd edərək, iki gəncin bir-biri ilə dərin eşqlə bağlı olmalarına rəğmən qızın atasının nikaha qarşı çıxdığını oxucuların diqqətinə çatdırır və bunun acınacaqlı fəsadı olaraq, qızın qalaya sığınaraq özünü oradan atdığını və bununla da öz hisslərinin aliliyini nümayiş etdirdiyini, gənclər arasında sevgi fəlsəfəsinin əsl mahiyyətini ortaya qoyduğunu qabardır. Ş.Əl-Bəsil daşlarının hələ də min illərin sirlərini özündə qoruyub saxladığını bu sehrli qala haqqında çoxlu əfsanələrin gəzdiyini yazıb. Dünyanın bütün yerlərindən minlərlə səyahətçi gözəl Azərbaycan qadının şücaətinə hörmət əlaməti olaraq oranı ziyarət edir".

Məqalə ilə ətraflı bu linkdə tanış olmaq mümkündür: (http://www.alfajr-news.net/node/127700)

Bütün xəbərlər Facebook səhifəmizdə