Azərbaycan Dillər Universitetində (ADU) jurnalist, ictimai xadim Ceyhun Hacıbəylinin 125 illik yubileyinə həsr olunan "Azərbaycanın Parisdə döyünən ürəyi" mövzusunda tədbir keçirilib.
ADU-dan SİA-ya verilən məlumata görə, tədbirdə müxtəlif sahələrdə özünəməxsus dəsti-xətti ilə irs yaradan dahi şəxsiyyət C.Hacıbəylinin həyat və yaradıcılığı haqqında məlumat verilib, tələbələrin ifasında onun fransız dilinə tərcümə etdiyi "Arşın mal alan" operasından səhnəcik göstərilib.
Sonra "Ədədi ezamiyyət" və "Durun gedək evimizə" sənədli filmlərindən C.Hacıbəyli ilə bağlı fraqmentlər nümayiş etdirilib.
Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov, Milli Məclisin deputatı Cavanşir Feyziyev və Bakı Media Mərkəzinin redaktoru Müsəllim Həsənov, Üzeyir Hacıbəylinin ev muzeyinin direktoru, Əməkdar İncəsənət Xadimi Sərdar Fərəcov, fransızdilli "Le Carrefour" qəzetinin baş redaktoru Zeynab Kazımova və başqaları C.Hacıbəylinin ictimai fəaliyyətindən danışıb, onun jurnalist, publisist, tərcüməçi kimi tanındığını, gənc yaşlarında "Azərbaycan" qəzetinin redaktoru olduğunu xatırladıblar. Müstəqil Azərbaycan dövlətinin yaranmasının C.Hacıbəylinin ən böyük arzusu olduğunu diqqətə çatdıran natiqlər onun bu çətin, keşməkeşli yolda son nəfəsinədək mübarizə apardığını söyləyiblər. Diqqətə çatdırılıb ki, C.Hacıbəyli Azərbaycan jurnalistikasını beynəlxalq aləmdə təmsil edən ilk publisistlərdən olub.



Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB