Artıq kimsəyə sirr deyil ki, Azərbaycan nümunəvi inkişaf modelinə malik olan bir ölkə kimi fərqlənməkdədir. Belə ki, son illərin davamlı inkişafı sayəsində Azərbaycan regionun lider dövləti səviyyəsinə yüksəlib. Məhz bunun nəticəsidir ki, bölgədə Azərbaycanın təşəbbüsü və fəal iştirakı olmadan hər hansı beynəlxalq layihəni reallaşdırmaq mümkün deyil. Ölkəmiz, eyni zamanda, müntəzəm olaraq qlobal miqyasda yeni-yeni əməkdaşlıq platformaları ilə çıxış edir ki, bunun da sayəsində respublikamızın beynəlxalq nüfuzu və təsir imkanları əhəmiyyətli dərəcədə artıb. Beləliklə, bu gün müstəqil Azərbaycanın nüfuzlu regional və qlobal faktora çevrilməsinin isə obyektiv əsaslarının olduğunu vurğuylaya bilərik.
Azərbaycanda təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan və son 13 ildə Prezident İlham Əliyevin uğurla davam etdirdiyi məqsədyönlü siyasət sayəsində ölkənin iqtisadi müstəqilliyinin təmin olunması yolunda inamlı addımlar atılıb. İqtisadi müstəqillik Azərbaycanın çox mühüm perspektivlərə malik ölkə kimi dinamik inkişafını təmin edir. Təbii ki, hər bir ölkənin iqtisadi inkişafını şərtləndirən amillər sırasında ümumi daxili məhsul istehsalının artması mühüm faktor qismində çıxış edir. Bu mənada kifayət qədər ciddi qlobal risklərlə müşayiət olunan indiki zamanda ölkəmizdə iqtisadiyyatın davamlı olaraq genişlənməsi və ÜDM istehsalında artıma nail olunması böyük nikbinlik doğurur. Belə ki, 2004-cü ildən bu günə qədər ümumi daxili məhsulumuz 3,4 dəfə artıb. Baxmayaraq ki, son illər ərzində qlobal miqyasda yaşanan maliyyə və iqtisadi kataklizmlər bütün dünya ölkələrində həm iqtisadi sahədə, həm maliyyə sektorunda və bunun məntiqi nəticəsi olaraq həyatın bütün sahələrində bir sıra ciddi problemlər qarşıya çıxarmışdır. Azərbaycan 2008 -ci ildən başlanan qlobal maliyyə və iqtisadi böhranın ağır fəsadlarından özünü qoruya bilmişdir. Bu gün isə Azərbaycan üzləşə biləcəyi fəsadlardan sığortalanmaq üçün inqilabi sayıla biləcək coxşaxəli islahatlara start vermişdir.
İlham Əliyevin 13 il öncə ölkə Prezidenti seçilməsindən sonra biz ildən-ilə intibah və tərəqqi reallığı görərək, fəxr edirik
Onu qeyd edim ki, təmsil etdiyim meliorasiya və su təsərrüfatı sistemi də ölkə iqtisadiyyatının ayrılmaz bir parçası olaraq, həm qazanılmış nailiyyətlərdə öz payı olan sahə, eyni zamanda başlanmış genişmiqyaslı islahatların ünvanına çevrilmişdir. Ölkəmizdə meliorasiya və irriqasiyanın inkişafı, bu sahədə aparılan islahatlar, böyük quruculuq işləri, geniş meliorasiya potensialının yaradılması və perspektiv proqramların qəbul edilməsi Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin yorulmaz fəaliyyətinin, zəhmət və siyasətinin bəhrəsi olmuşdur. Respublikada kənd təsərrüfatı məhsullarının istehsalının artırılmasının meliorasiya və su təsərrüfatı sahəsini inkişaf etdirmədən mümkün olmadığını böyük uzaqgörənliklə qeyd etmiş və "Meliorasiya və su təsərrüfatı obyektləri bizim sərvətimizdir və bu sərvətdən səmərəli istifadə etməliyik" sözlərini tarixə yazmış müdrik şəxsiyyət, Ulu Öndərimiz Heydər Əliyev bu sahəni daim diqqət mərkəzində saxlamış, onun inkişafına xüsusi əhəmiyyət vermişdir.
Müstəqillik dövrünün ilk illərində ölkədə bütün sahələrdə olduğu kimi, meliorasiya və su təsərrüfatı sahəsində də böhranlı vəziyyət hökm sürürdü. Böyük zəhmət və küllü miqdarda vəsait hesabına yaradılmış qurğular, suvarma sistemləri qəza halına düşmüşdü, sahənin fəaliyyətinə və inkişafına ayrılan sərmayənin həcmi heçə endirilmişdi.
1993-cü ildə Ulu Öndərimiz Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı ilə meliorasiya və su təsərrüfatı sahəsi öz inkişafının yeni mərhələsinə qədəm qoydu. Bu sahəyə diqqət və dövlət qayğısı bərpa olundu, mövcud meliorasiya potensialının dağıdılmasının qarşısı alındı, ondan daha səmərəli istifadə olunması yolları və sahənin gələcək inkişaf istiqamətləri müəyyənləşdirildi. Ölkə iqtisadiyyatında yaranmış gərginliyə baxmayaraq, hər il meliorasiya su təsərrüfatı sistemlərinin istismarına müəyyən miqdarda vəsait ayrılaraq təmizləmə işləri həyata keçirildi və bu vəsaitin həcmi ilbəil artırıldı. İlk növbədə islahatların normativ hüquqi bazası yaradıldı. Bu məqsədlə 30-dan artıq normativ hüquqi sənəd hazırlandı. 1996-cı ildə "Meliorasiya və İrriqasiya haqqında", 1997-ci ildə "Azərbaycan Respublikasının Su Məcəlləsi", 2003-cü ildə "Hidrotexniki qurğuların təhlükəsizliyi haqqında" qanunlar qəbul edildi. "Meliorasiya və İrriqasiya haqqında" qanunla meliorasiya və irriqasiya sahəsində fəaliyyətin əsas istiqamətləri və prinsipləri, meliorasiya və irriqasiya obyektlərinin mülkiyyət hüququ müəyyənləşdirildi. Azərbaycan Respublikasının "Su Məcəlləsi" ölkəmizdə su münasibətlərinin tənzimlənməsi yolunda uğurlu bir addım olmuşdur. Bu gün bu siyasət cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir. İlham Əliyevin 13 il öncə ölkə Prezidenti seçilməsindən sonra biz ildən-ilə intibah və tərəqqi reallığı görərək, fəxr edirik
13 il ərzində müstəqil Azərbaycan iqtisadi cəhətdən möhkəmlənmiş, qüdrətlənmiş, sosial- iqtisadi yüksəliş ilk növbədə insanların gündəlik həyatında özünü daha qabarıq büruzə vermişdir
Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə sosial- iqtisadi inkişaf strategiyasının inamla həyata keçirilməsi və yeni çalarlarla zənginləşdirilməsi respublikamızın müasir inkişaf səviyyəsini müəyyən etmişdir. Bu baxımdan, ötən 13 il ölkə həyatı üçün strateji əhəmiyyət daşıyan inkişaf proqramlarının hazırlanması və işlək mexanizmlər əsasında həyata keçirilməsi, ən müxtəlif sahələrdə intibah prosesinin geniş vüsət alması ilə səciyyəvidir. Yeni neft strategiyasının uğurla davam etdirilməsi, Azərbaycanın xarici sərmayələr üçün cəlbediciliyinin qorunması, milli iqtisadiyyaın müxtəlif sferalarına yönələn sərmayələrin qeyri- neft sektoruna, regionların inkişafına doğru istiqamətləndirilməsi, respublikada güclü insan kapitalının formalaşdırılması məqsədinə yönəldilməsi iqtisadi siyasətin əsas prioritetləri kimi diqqət çəkmişdir. Məhz bunun nəticəsidir ki, ötən 13 il ərzində müstəqil Azərbaycan iqtisadi cəhətdən möhkəmlənmiş, qüdrətlənmiş, sosial- iqtisadi yüksəliş ilk növbədə insanların gündəlik həyatında özünü daha qabarıq büruzə vermişdir. Regionların sosial- iqtisadi inkişafına xidmət edən dövlət proqramları bölgələrə sərmayə qoyuluşlarının həcmini əhəmiyyətli dərəcədə artırmışdır.
Prezident İlham Əliyevin bu sahəyə diqqəti və yaxından köməkliyi sayəsində bir çox layihələr başa çatdırılmış, bəzi layihələr uğurla davam etdirilir, bir çoxlarının isə həyata keçirilməsinə başlanılmışdır. Möhtərəm Prezidentimiz meliorasiya və su təsərrüfatının respublikamızın iqtisadiyyatındakı, regionların sosial-iqtisadi inkişafındakı və ölkənin ərzaq problemlərinin həllindəki rolunu nəzərə alaraq, sahənin inkişafını daim diqqət mərkəzində saxlayır, meliorasiya və su təsərrüfatı obyektlərində tikinti işləri ilə şəxsən tanış olur, obyektlərin təməlqoyma və istifadəyə verilməsi mərasimlərində iştirak edir.
Prezident İlham Əliyev respublikamızın iqtisadiyyatında, ölkənin su təhlükəsizliyinin təmin olunmasında Taxtakörpü və Şəmkirçay su anbarlarının tikintisinin, bu istiqamətdə həyata keçirilən digər layihələrin əhəmiyyətini xüsusi olaraq qeyd etmişdir: "Bu gün dünyada daha çox neft-qaz resursları uğrunda mübarizə aparılır və xoşbəxtlikdən Azərbaycan bu resurslardan xalqın rifahı, ölkənin inkişafı naminə səmərəli şəkildə istifadə edir. Amma vaxt gələcək su resursları uğrunda mübarizə daha da kəskinləşəcəkdir. Biz artıq bu mübarizənin təzahürlərini görməkdəyik. Belə olan halda su təhlükəsizliyi Azərbaycanda tam şəkildə təmin edilməlidir. Taxtakörpü su anbarı və Samur- Abşeron suvarma sistemi, Şəmkirçay su anbarı, ölkədə icra edilən su layihələri bu məqsədə xidmət edir.".
Azərbaycanın gələcək inkişafı üçün əvəzolunmaz nəhəng infrastruktur layihəsi olan və 15 noyabr 2014-cü il tarixində ölkə başçısının iştirakı ilə açılış mərasimi keçirilmiş Şəmkirçay su anbarının Su Elektrik Stansiyası ilə birgə istifadəyə verilməsi ilə Şəmkir, Göygöl, Samux və Goranboy rayonlarının 54 min hektar torpaq sahələrinin su təminatının yaxşılaşdırılması, 17 min hektar yeni suvarılan sahələrin istifadəyə verilməsi, eləcə də Gəncə və Şəmkir şəhərlərinin, Samux rayonunun əlavə içməli su ilə təmin edilməsi və ildə 56 milyon kvt elektrik enerjisinin istehsal edilməsi mümkün olacaqdır.
Yeni layihələrin icrası - uğurlu nəticələr
2015-ci ildə isə Şəmkirçay su anbarı zonasında əkin sahələrini suvarma suyu ilə təmin edəcək 60,5 km uzunluğunda magistral kanalların tikinti işləri başa çatdırılaraq istifadəyə verilmişdir. Bu kanallardan Şəmkir və Göygöl rayonlarının əkin sahələrinə suvarma suyunun verilməsi üçün paylayıcı kanalların, Goranboy rayonunun 26 min hektara (ondan 8,3 min hektar yeni suvarılan torpaqlar) yaxın torpaq sahələrini suvarma suyu ilə təmin etmək məqsədi ilə uzunluğu 27,9 km olan Şəmkir maşın kanalının 2- ci növbəsinin tikintisi işlərinə başlanılmışdır.
Dünya Bankının krediti ilə həyata keçirilən "Sudan İstifadəedənlər Birliklərinin İnkişafına Dəstək Layihəsi" üzrə işlər uğurla davam etdirilmiş, layihə üzrə 15 rayonda 85 min hektar ərazidə təsərrüfatdaxili suvarma və drenaj şəbəkələrinin bərpası, yenidənqurulması nəzərdə tutulsa da, hazırda layihənin başa çatmamasına baxmayaraq, artıq 105 min hektara yaxın sahədə suvarma və drenaj şəbəkələrinin bərpası, yenidənqurulması işləri yerinə yetirilmişdir.
Eyni zamanda Prezidentimizin pambıqçılığın, taxılçılığın, tütünçülüyün inkişaf etdirilməsi ilə əlaqədar verdiyi tapşırıqların icrası olaraq, bu sahənin inkişafında çox mühüm rol oynayan layihələr üzrə tikinti işləri davam etdirilir və yeni layihələrin icrasına başlanılmışdır. Magistral kanallar üzrə su bölgüsü limitləri, respublikanın çayları üzrə suvarma dövründə rayonlararası su bölgüsü cədvəlləri hazırlanaraq təsdiq edilmiş, bütün istismar təşkilatlarında gecə-cündüz növbətçilik yaradılmış, vegetasiya suvarmasının mütəşəkkil həyata keçirilməsi, sudan səmərəli və qənaətlə istifadənin təmin edilməsi və su limitlərinə nəzarətin gücləndirilməsi məqsədi ilə Cəmiyyətin mütəxəssisləri ayrı-ayrı obyektlərə təhkim edilmiş, çayların gursululuq dövründə su anbarlarının doldurulması və yarana biləcək sel və daşqın sularının maneəsiz axıdılması üçün bütün təxirəsalınmaz tədbirlər görülmüşdür. Aparılan təmir və bərpa işləri kənd təsərrüfatı bitkilərinin vegetasiya suvarmasının mütəşəkkil aparılmasını təmin etmişdir.
Ölkə rəhbərliyi tərəfindən respublikanın su təsərrüfatına göstərilən diqqət və qayğıya cavab olaraq, Səhmdar Cəmiyyətinin kollektivi dövlət başçısı tərəfindən qarşıya qoyulmuş vəzifələri tam məsuliyyəti ilə dərk edərək, onların vaxtında və layiqincə yerinə yetirilməsi üçün bundan sonra da bütün bacarıq və imkanlarından istifadə edərək daha səylə çalışacaqdır.
ƏHMƏD ƏHMƏDZADƏ,
Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB