Akif Əlizadə: "Elmlə təhsilin inteqrasiyasının yeni modellərinə ehtiyac var"
"Azərbaycanda elm və texnologiya üzrə Ali Şura yaradılsın". SİA-nın xəbərinə görə, bu təklifi AMEA-nın prezidenti Akif Əlizadə qurumun ümumi yığıncağında məruzə ilə çıxış edərkən irəli sürüb. Onun sözlərinə görə, yaradılacaq Ali Şuranın qərarı bütün elmi təşkilatlar üçün icbari xarakter daşımalıdır: "Şuranın tərkibində AMEA-nın, təhsil, biznes, patent sahələrinin nümayəndələri olmalıdır. Elm haqqında qanunun əsas vəzifələrdən biri də "tədqiqat universiteti statusu"nun müəyyənləşdirilməsidir. Elm və təhsil sahəsində mühüm məqamlardan biri də elmin koordinasiyasıdır. Bu istiqamətdə vəziyyət qənaətbəxş deyil. Elmi araşdırmalarda təkrarçılıq, dünya elmi ilə səsləşməyən məqamlar var. Bununla bağlı müvafiq təkliflərin hazırlanması olduqca vacibdir".
Akademik çıxışı zamanı AMEA-da və təhsil sistemində çalışan istedadlı gənclərin məlumat bazası yaradılmasının zəruriliyini qeyd edib. Onun sözlərinə görə, həmin gənclərin sosial vəziyyətlərindən tutmuş, elmi nailiyyətləri, iş yerləri, vəzifələri, ailə vəziyyəti, mənzil şəraiti yoxlanmalı və təhlil edilmədir :"Gənclərlə bağlı bütün məlumatlar analitik təhlillər əsasında qurulmalıdır. Elm və təhsilin inteqrasiyası ümum ictimai məna daşıyır. Məqsəd yalnız elm və təhsilin inkişafı deyil, hər iki sahədə qarşılıqlı əlaqələrin gücləndirilməsi, ölkənin intellektual inkişaf modelinə əsaslanan strateji inkişaf modelini hazırlamaqdır. Son 4 ildə AMEA-da həyata keçirilən islahatların mühüm istiqamətlərindən birini elm və təhsilin inteqrasiyası təşkil edir. Akademiyanın bir sıra institut və təşkilatlarında bəzi ali təhsil müəssisələrinin 20-yə yaxın baza kafedraları yaradılıb, birgə kadr hazırlığına dair əməkdaşlıq memorandumu imzalanıb. Elm və təhsilin inteqrasiyası sahəsində ən mühüm nailiyyət AMEA-da magistratura təhsilinin yaradılmasıdır".
A. Əlizadə qeyd edib ki, AMEA-da illərlə formalaşmış elmi potensialın ölkə səviyyəsində səmərəliliyini artırmaq üçün elmlə təhsilin inteqrasiyasının yeni, müasir modellərinin tətbiqinə ehtiyac var: "Alimlərimiz təhsil prosesində yaxından iştirak etməli, auditoriyalara üz tutmalı, tələbələr isə elmi təhlil və təcrübələrin aparıldığı laboratoriyalara gəlməlidir. Təhsilin tələbləri elmi araşdırmalarda öz əksini tapmalıdır. Elmin tələbləri isə yetişməkdə olan gənc nəsildə formalaşmalıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB