Əziz Əliyevin 120 illik yubileyinə həsr olunan konfrans keçirilib

Əziz Əliyevin 120 illik yubileyinə həsr olunan konfrans keçirilib

Bakı Slavyan Universitetində (BSU) Azərbaycanın görkəmli dövlət və elm xadimi, tibb elmləri doktoru, professor Əziz Əliyevin 120 illik yubileyinə həsr olunmuş "Azərbaycanın görkəmli elm xadimi Əziz Əliyev: dövrü, həyatı, şəxsiyyəti" mövzusunda elmi-praktik konfrans keçirilib.

BSU-dan SİA-ya verilən məlumata görə, universitetin tərbiyə işləri üzrə prorektor, filologiya üzrə fəlsəfə doktoru Xanım Sultanova elmi-praktik konfransın Əziz Əliyevin 120 illik yubileyi ilə bağlı BSU-da nəzərdə tutulmuş silsilə tədbirlərdən biri olduğunu vurğulayıb. X.Sultanova respublikamızın səhiyyə sisteminin və tibb təhsilinin formalaşdırılmasına layiqli töhfələr vermiş Əziz Əliyevin İkinci Dünya müharibəsi illərində apardığı işlərin böyük əhəmiyyətindən söz açıb. Prorektor qeyd edib ki, Azərbaycan və Dağıstan xalqları arasında dostluq və qardaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsi Əziz Əliyevin adı ilə sıx bağlıdır.

Konfransda "Dövlət xadimi Əziz Əliyev", "Azərbaycanın görkəmli elm xadimi Əziz Əliyevin siyasi fəaliyyətinin Dağıstan dövrü", "Şərəfli ömür yolu", "Keçmişdən bu günə Əziz Əliyev", "Əziz Əliyevin xatirəsinə", "Tarixin səhifəsində, xalqın yaddaşında" mövzularında məruzlər dinlənilib.

Görkəmli alimin həyat yolunu əks etdirən videoçarx göstərilib.

Tədbirdə professor Əziz Əliyevin 120 illik yubileyinə həsr olunmuş esse müsabiqəsinin nəticələri barədə məlumat verilib. Bildirilib ki, esse müsabiqəsində BSU-da təhsil alan magistrantlar, bakalavrlar, o cümlədən BSU-nun Məktəb-Lisey Kompleksinin (MLK) şagirdləri iştirak ediblər. Esselər BSU-nun ibtidai təhsil kafedrasının əməkdaşlarından ibarət komissiya tərəfindən yoxlanılıb, qaliblər müəyyənləşdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə