Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əsas binasında Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri, Dövlət mükafatı laureatı, fizika-riyaziyyat elmləri doktoru, akademik Arif Mehdiyevlə vida mərasimi keçirilib. Mərasimdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyev, baş nazirin müavini, xalq yazıçısı Elçin Əfəndiyev, təhsil naziri Mikayıl Cabbarov, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov, səhiyyə naziri Oqtay Şirəliyev və digər dövlət və hökumət rəsmiləri, millər vəkilləri, ictimaiyyət nümayəndələri iştirak edib.
Mərasimdə çıxış edən AMEA-nın prezidenti Akif Əlizadə bildirib ki, Arif Mehdiyevin vəfatı Azərbaycan elmi üçün ağır itkidir. O qeyd edib ki, AMEA-nın həqiqi üzvü olan Arif Mehdiyev Azərbaycanın ən istedadlı alimlərindən biri olub. 1950-ci illərin sonunda Fizika İnstitutunda istedadlı alimlər yetişirdi, onlardan biri də Arif Mehdiyev idi. O, Moskva Elektrotexniki Rabitə İnstitutunda radiorabitə mühəndisi ixtisası üzrə ali təhsil alaraq kollektivin yeni üzvü kimi fəaliyyətə başlamışdı.
AMEA-nın prezidenti deyib ki, A.Mehdiyevin elmi araşdırmaları yarımkeçiricilər fizikası, kosmik informasiya və aerokosmik informasiyasının alınması, çevrilməsi, ötürülməsi, emal olunması sahəsi ilə sıx bağlı idi. Akademik bu istiqamətlər üzrə uzun illər ərzində elmi-tədqiqat və layihələndirmə işləri aparıb, Azərbaycanda kosmik tədqiqatların banilərindən biri olub.
A.Əlizadə qeyd edib ki, 2001-ci ildən 2007-ci ilədək AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən A.Mehdiyev son 15 il ərzində Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri vəzifəsində çalışıb.
Fizika İnstitutunun direktor müavini Cavad Abdinov isə çıxışında mərhumun elmi fəaliyyətinin mühüm bir hissəsinin Fizika İnstitutu ilə bağlı olduğunu vurğulayıb.
Çıxış edən digər akademiklər də A.Mehdiyevin elmin mühüm istiqamətləri üzrə apardığı araşdırmalardan bəhs ediblər. Onun ölümünün Azərbaycan elmi üçün ağır itki olduğunu vurğulayıblar.
Qeyd edək ki, mərhum ikinci Fəxri Xiyabanda dəfn olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB