Bakıda binanın qarşısında bir aylıq körpə tapılıb. Hadisə Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Stansiya küçəsi ev 22 A-nın qarşısında qeydə alınıb. Belə ki, həmin ərazidə bir aylıq körpə oğlana rast gəlinib. Binada yaşayan 1978-ci il təvəllüdlü Vüsalə Əliyeva sahibsiz körpəni Sabunçu Rayon Polis İdarəsinə təhvil verib. Faktla bağlı araşdırma aparılır. Təəssüflə qeyd etmək olar ki, son zamanlar bu kimi xəbərlərə tez-tez rast gəlirik. Bəziləri övlad sahibi olmaq üçün əlindən gələni etməyə hazır ikən, bəziləri də tanrı tərəfindən onlara bəxş edilən ən gözəl "hədiyyə"dən arxasına belə baxmadan imtina edə bilirlər. Bəs valideynləri bu addımı atmağa nə məcbur edir? Belə halların qarşısını almaq mümkündürmü? Bunun üçün nə etməliyik?
SİA bu suallara cavab tapmağa çalışıb.
"Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova bildirib ki, ümumi stereotiplərə görə, uşağı atmazlar, fədakarlıq etmək, ac-susuz qalıb uşağa baxmaq mütləqdir: "Amma bunu etmək üçün digər dəstəyə də ehtiyac var. İndiki halda ailədən dəstək problemi deformasiyaya uğrayıb. Hazırda uşağını atan analara qarşı kifayət qədər aqressiya var. Lakin bunun nədən baş verməsini araşdırmaq lazımdır. Ola bilsin ki, qadın hamilə olduğunu bilmir, çıxılmaz vəziyyətdə qalır, zamanında müdaxilə, belə hallardan qorunma ilə bağlı məlumatı olmadığından uşaq dünyaya gətirir. Lakin uşaq doğulandan sonra körpənin cəmiyyətə təqdimatında böyük problemlər yaşayır. Alkaqol və narkotik vasitələrdən asılı olan qadınlar da uşaqlarını ata bilərlər. Adətən uşağını atanların arasında tüfeyli həyat sürənlər daha çox olur. Çünki belə insanlar üçün uşaqlar tamamilə dəyərsizdir və onlar qəddar formalara əl ata bilirlər. Ümumiyyətlə, körpələrdən imtina hallarında həm psixoloji, həm də sosioloji amillər var. Belə halların qarşısının alınması məqsədilə qadınlar üçün sosial proqramları gücləndirilməlidir. Qanunsuz uşaq dünyaya gətirənlər üçün qaynar xətt, reklam xarakterli sosial çarxlar olmalıdır ki, onlar belə vasitələrlə hara və necə müraciət etdiklərini bilsinlər. Başqa ölkələrdə qanunsuz övlad gətirən analar üçün sığınacaqlar mövcuddur. Bundan başqa digər ölkələrdə, hamilə və çətin vəziyyətdə olan qadınlar üçün sosial proqramlar həyata keçirilir. Bu çox önəmlidir. Sosial müavinətlərin, yardımların alınması prosedurunun sadələşdirilməsi vacib məsələlərdəndir. Çünki, bu gün belə yardımlarla bağlı proses çox mürəkkəbdir. Bu məsələ təhsil səviyyəsi aşağı olan insanlar üçün çox önəmlidir".
Ümumrusiya Peşəkar Psixoterapevtlər Liqasının üzvü, psixoloq Elnarə Eminova bildirib ki, övladı atmaq birbaşa valideynin məsuliyyətsizliyindən irəli gələn məsələdir: "Əgər kimsə bu cür addım atırsa, demək həmin şəxs övladı düşünülməmiş addım atmaqla dünyaya gətirib. Belə hallara daha çox övladın istənilməyən vaxtda və şəraitdə dünyaya gəlməsi zamanı rast gəlmək mümkündür. Bəzən gənc xanımlar kiməsə aşiq olur və həmin şəxslərə sevgilərini sübut etmək üçün uşaq dünyaya gətirmək fikrinə düşürlər. Lakin tərəf müqabilinin bu halı qəbul etməməsi, baş verənlərin sevgi deyil, ehtiras nəticəsində olması səbəbindən dünyaya gələn uşaqlar küçəyə atılmaq taleyini yaşamaq məcburiyyətində qalırlar. Bu cür vəziyyətlərə düşən xanımlar tək olduqları, nə ailələri, nə də digərləri tərəfindən dəstəklənmədikləri üçün ya uşaqlarını başqalarını verir, ya da atmağa üstünlük verirlər. Qadınlar bir çox hallarda nikahdan kənar uşaq dünyaya gətirdikləri, ata, qardaş faktorundan qorxduqları, eləcə də milli mentalitet baxımından düzgün olmadığını anladıqları üçün övladlarından imtina edirlər".
E. Eminova söyləyib ki, bu cür hadisələrdə tərəf müqabilinin məsuliyyəti öz üzərinə götürməməsi faktları ilə də rastlaşırıq ki, onların övladına qarşı maddi və mənəvi dəstəkdən imtina etməsi, xüsusilə də işsizlikdən əziyyət çəkən qadınları uşağını atmasına gətirib çıxarır: " Bundan başqa qadınların uşağından imtina etməsinə cəmiyyət də səbəb ola bilir: "Bir çox hallarda ailələri övladı və ya doğulan körpənin gələcəyi deyil, ətrafın düşüncələri maraqlandırır. Çox təəssüf ki bizim cəmiyyətimizdə bu hallara daha çox rast gəlinir. İntihara və qadınların mənfi yollara əl atmasında da cəmiyyət birbaşa rol oynayır".
Hüquq müdafiəçisi Səməd Vəkilov bildirib ki, Cinayət Məcəlləsinin 21-ci maddəsinə əsasən, körpəsini bilərəkdən atan valideynlər qəsdən adamöldürmə cinayəti ilə məsuliyyətə cəlb oluna bilər. Onun sözlərinə görə, Konstitusiyanın 34-cü maddəsinə əsasən, valideynin uşaqlarının təlim-tərbiyəsi ilə bağlı öhdəlikləri var ki, həm ta, həm də ana onları yerinə yetirməyə borcludur: "Qanunda valideynlərin öz övladlarından imtina etməsi proseduru nəzərdə tutulmayıb. Lakin buna görə cinayət məsuliyyəti nəzərdə tutulması və Cinayət Məcəlləsinə dəyişiklik məqsədəuyğun hesab edilə bilər".
Hüquq müdafiəçisi qeyd edib ki, belə hallarda bir qayda olaraq Ailə Məcəlləsinin tələblərinə uyğun dərhal prokurorluğa müraciət edilir və uşaq himayə, qəyyumluq qurumlarının köməkliyi ilə xüsusi müəssisələrə yerləşdirilir: "Əgər ananın məqsədində uşağını öldürmək varsa, o zaman həmin ana cinayət məsuliyyətinə cəlb edilə bilər. Ailə Məcəlləsinin 49-cu maddəsinə əsasən, hər bir valideynin uşağını 18 yaşına çatana kimi himayə etməlidir. İnzibati Xətalar Məcəlləsində də tam bunu ehtiva edən maddə yoxdur. Lakin Məcəllənin 189-cu maddəsinə əsasən, uşaqların təlim-tərbiyə vəzifələrinin valideynlər və ya onları əvəz edən şəxslər tərəfindən yerinə yetirilməməsinə görə cərimələr nəzərdə tutulur. Cərimə 60-100 manat təşkil edir. Bunun sanksiya hissəsinə artırmaq mümkündür".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB