Dekabrın 19-da Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Bakıdakı nümayəndəliyinin, Azərbaycan Dövlət Miqrasiya Xidmətinin, Ombudsman Aparatının birgə təşkilatçılığı ilə Beynəlxalq Miqrant Gününə, BMqT-nin 65-ci ildönümünə, BMqT-nin Azərbaycandakı fəaliyyətinin 20 illiyinə və Azərbaycanın BMqT-yə üzv olmasının 15-ci ildönümünə həsr edilmiş tədbir keçirilib.
SİA-nın Dövlət Miqrasiya Xidmətinə istinadən xəbərinə görə , tədbirdə BMqT-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Serhan Aktoprak, Dövlət Miqrasiya Xidmətinin rəis müavini Pərviz Musayev, Ombudsman Elmira Süleymanova, DMX yanında İctimai Şuranın sədri Azər Allahverənov və digərləri çıxış edərək cəmiyyətin diqqətinin miqrantların problemlərinə yönəldilməsi və məlumatlandırılması baxımından Beynəlxalq Miqrant Gününün əhəmiyyətindən danışıblar.
Bildirilib ki, 1990-cı il dekabrın 18-də BMT Baş Məclisi tərəfindən "Bütün əməkçi miqrantların və onların ailə üzvlərinin hüquqlarının müdafiəsi haqqında" Konvensiya qəbul edilib. Bu Konvensiya Azərbaycan Respublikası Milli Məclisinin 1998-ci il 11 dekabr tarixli qanunu ilə ratifikasiya olunub. 2000-ci ildən etibarən dekabrın 18-i dünyada Beynəlxalq Miqrant Günü kimi qeyd olunur. Miqrasiya probleminin həllində müvafiq dövlət qurumlarının, BMqT-nin, QHT-lərin və digər təşkilatların birgə əməkdaşlığı əhəmiyyətli rol oynayır.
Diqqətə çatdırılıb ki, Azərbaycanda miqrantların hüquqlarının müdafiəsi prioritet məsələdir. Ölkəmizdə miqrantların problemlərinin həlli, insan hüquqlarının qorunması, bərabərliyin təmin olunması istiqamətində müvafiq qanunlar qəbul edilib, məqsədyönlü tədbirlər görülüb. Miqrantlara və qaçqınlara yaxşı münasibətdə Azərbaycan dünyadakı bütün ölkələrə nümunə ola biləcək miqrasiya proseslərini tənzimləmə modeli yaradıb.
Azərbaycanda miqrantların hüquqlarının qorunması istiqamətində DMX-də Vahid Miqrasiya Məlumat Sistemi fəaliyyət göstərir. Burada miqrantlar haqqında məlumat toplanır və sistem vasitəsilə onlar nəzarətdə saxlanılır.
DMX tərəfindən aparılan uğurlu tədbirlər nəticəsində ölkəmizdə qanunsuz miqrantların sayı minimuma endirilib. Azərbaycan miqrasiya tənzimlənməsi sahəsində uğurlu təcrübəsini bütün ölkələrlə bölüşməyə hazırdır.
Çıxışlardan sonra miqrantlar Azərbaycandakı öz həyat təcrübələri ilə bağlı fikirlərini bölüşüblər.




Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB