"Multikulturalizm ili: nailiyyətlər və perspektivlər" mövzusunda konfrans keçirilib FOTOLAR
Bu gün Gənclər və İdman Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə "Multikulturalizm ili: nailiyyətlər və perspektivlər" mövzusunda konfrans keçirilib. SİA-nın məlumatına görə, konfransda gənclər və idman naziri Azad Rəhimov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev, digər rəsmilər, gənclər təşkilatlarının nümayəndələri və tələbələr iştirak ediblər.
Azərbaycanın dövlət himni səsləndirildikdən sonra Gənclər və İdman Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkil etdiyi tədbirlərin əks olunduğu videoçarx nümayiş etdirilib.
Nazir Azad Rəhimov çıxış edərək bildirib ki, tarixən ölkəmizdə müxtəlif xalqlar, millətlərin nümunəvi şəkildə birgəyaşayış ənənələrinin təbliğ edilməsi ən vacib məsələlərdən biri olub. Onun sözlərinə görə, xüsusilə gənclərin bu istiqamətdə fəallıq göstərmələri onların məsuliyyət hissinin artırılmasına və vəzifələrinin dərk edilməsinə şərait yaradır: "Bu baxımdan ötən dövrdəki fəaliyyəti dəyərləndirərək bildirmək istəyirəm ki, qeyd olunan istiqamətdə aparılan maarifləndirmə işi davamlı xarakter daşımalıdır. Qarşıdakı dövrdə daha da maraqlı və əhəmiyyətli layihələrin reallaşdırılması zəruridir. Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu müstəqil dövlət quruculuğu işi 2016-cı ildə də ölkə başçısı İlham Əliyevin rəhbərliyi ilə özünəməxsus inkişaf dinamikası ilə yadda qaldı. Həyatımızın bütün sahələrində baş verən yeniliklər, reallaşdırılan sistemli islahatlar əsas hədəflərə çatmaq üçün imkanlarımızı daha da artırdı. Ölkə başçısının müvafiq Sərəncamı ilə Azərbaycanda 2016-cı il "Multikulturalizm ili" elan olunub. Əsrlər boyu sahib olduğumuz və bugünədək qoruyub saxladığımız multikultural dəyərlərin bundan sonra da inkişaf etdirilməsi təkzibedilməz bir reallıqdır. Məhz bu reallıq mədəniyyətlərarası , dinlərarası və sivilizasiyalararası dialoqa əvəzsiz töhfədir. Qədim tarixi köklərə malik bir xalq olaraq hər birimiz bununla fəxr edir və dünyaya nümunə olduğumuzu yaxşı dərk edirik. Multikulturalizm Azərbaycan xalqının həyat tərzidir. Gəncliyimiz multikultural dəyərlərimiz ilə fəxr etməlidir".
Nazir qeyd edib ki, Azərbaycan gəncləri dini ekstremizm və terrorizmlə mübarizədə həmrəylik və mübarizlik nümayiş etdirməlidir. O vurğulayıb ki, ölkəmizin gəncliyi azərbaycançılıq ideologiyasına, milli-mənəvi dəyərlərimizə, humanizm və sülhsevərlik prinsiplərinə sadiq olmalı, Azərbaycanda yaşayan bütün xalqların sarsılmaz birliyinə daim öz töhfəsini verməlidir: "Gənclərimiz vətəndaşlarımızın dini ehtiyaclarının təmin olunması üçün dövlətimizin yaratdığı şəraiti düzgün dəyərləndirməli, dini etiqad azadlığından yalnız Respublikamızın inkişafı və xalqımızın rifahı naminə yararlanmalıdır. Əminəm ki, xalqımızın malik olduğu dəyərlərin qorunub saxlanması və gələcək nəsillərə ötürülməsi indiki şəraitdə gənclərin əsas vəzifələrindən biri olacaq".
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Azərbaycanın multikulturalizmin inkişafı istiqamətində apardığı işlərin öz bəhrəsini verdiyini bildirib: "Avropada multikultural dəyərlərin çökdüyü haqda fikirlər səsləndirilirdi. Avropa siyasətçiləri elan edirdilər ki, bu şəraitdə multikultural dəyərləri qoruyub saxlamaq mümkün deyil. Belə bir zamanda Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizdə "Multikulturalizm ili" elan etməklə multikultural dəyərlərin zəruriliyini və onun yaşadılmasının mümkünlüyünü dünya ictimaiyyətinə çatdırdı, bu, müxtəlif dini konfessiyalarla görüşlərdə xüsusi şəkildə bildirildi. Bu istiqamətdə görülən işlər öz bəhrəsini verib və verməkdədir.
O qeyd edib ki, bu gün dünyada 160-a yaxın etnik, siyasi, dini xarakterli münaqişə var, 40 ölkənin ərazisində qanlı toqquşmalar baş verir, insanlar həlak olur: "Statistika göstərir ki, bunların ən azı 60 faizi dini konfessiyalar, yaxud dini konfessiyalar daxili toqquşmaların nəticəsində baş verir. Yalnız 2015-ci ilə qədər bu cür münaqişələrdə 2,5 milyon insan həlak olub. Bu rəqəmlər nəinki azalır, əksinə, artmaqdadır. Azərbaycan Prezidenti dəfələrlə qeyd edib ki, ətrafdakı ölkələrlə müqayisədə Azərbaycan sakitlik adasıdır. Hamıya məlumdur ki, bizdən 100-200 km aralıda hər gün toqquşmalar, döyüşlər baş verir. Azərbaycan bunlardan kənarda qala bilir. Çünki ölkəmizdə həm hüquqi, həm ideoloji, həm də iqtisadi müstəvidə kifayət qədər qabaqlayıcı tədbirlər görülüb. Bunun nəticəsində Azərbaycanda dini radikal qruplar kök ata bilmirlər və ata bilməyəcəklər. Ölkə əhalisinin həm mentalı, həm dünya görüşü, həm də hökumətin apardığı siyasət belə halların qarşısını alır".
M.Qurbanlı bildirib ki, ölkəmizdə gənclərə göstərilən xüsusi diqqət və qayğı onların yanlış istiqamətlərə meyillənməsinin qarşısını alır: "Azərbaycanda gənclərin inkişafı, asudə vaxtlarının təşkili ilə bağlı önəmli proqramlar həyata keçirilir. Bu da gənclərin yanlış sahələrə meyillənməsinin qarşısını almaqda mühüm rol oynayır. Biz birlikdə Prezident İlham Əliyevin müəyyən etdiyi strateji xətti ardıcıl şəkildə həyata keçirəcəyik, Azərbaycanı hər hansı təhlükəyə məruz qoymayacağıq. Enerjimizi Dağlıq Qarabağın, işğal edilmiş torpaqlarımızın azad edilməsinə yönəltməliyik. Azərbaycanda radikal qrupların kök salmasına imkan verməməliyik və buna qarşı sərt mübarizə aparmalıyıq".
Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov Azərbaycanda multikulturalizmin inkişafından danışıb. O, Azərbaycanın bu sahədə dünya ölkələrinə nümunə olduğunu qeyd edib. F.Muradov sosial şəbəkələrdə gənclərin radikalizmə cəlb edilməsi yönündə çağırışlara rast gəlindiyini deyib və gəncləri ayıq olmağa səsləyib.
Daha sonra tədbirdə gənclərin multikulturalizm mövzusunda çıxışları dinlənilib.
.jpg)
.jpg)

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB