Qarın yaratdığı fəsadlar

Havaların soyuması və dunən axşamdan başlayaraq intensiv yağan qar Şəkidə yollarda buzlaşmaya səbəb olub. Şəki Kommunal Təsərrüfat İstehsalat Birliyindən müraciət olunan yerlərdə profilaktik tədbirlərin aparıldığı bəyan edilib.

Gecədən başlayaraq Lənkərana yağan qara görə rayonun bəzi kəndləri işıqsız qalıb. Hətta qar yağmağa başlamamış həm şəhər, həm də kənd ərazilərində elektrik enerjisinin verilməsində fasilələr yaranıb. Şəhərdə bu problem tez zamandan aradan qaldırılsa da Sütəmurdov, Velədi, Gərmətük kimi kəndlər və şəhərin mikrorayon ərazisi işıqsızdır.

Güclü qar Lerikin 50-yə qədər kəndini də işıqsız qoyub. Rayon mərkəzində qarın qalınlığı 10 sm., Piran ərazisində isə 25 sm təşkil edir. Lənkəran Regional Hidrometeorologiya Müəssisəsindən bildirilir ki, yağıntı bölgədə ən çox Lənkəran-Astara rayonlarına düşüb.

Şimal-qərb bölgəsində qar bölgənin dağlıq ərazilərində 20-25 sm., digər kəndlərdə isə 5-10 sm qalınlıq təşkil edib. Qax rayonunun dağ kəndləri olan İlisu və Sarıbaş ən çox qar yağan kəndlərdir. İlisuya gedən avtomobil yolunu qar örtsə də kəndə gediş-gəliş məhdudlaşmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə