UNICEF: "Azərbaycanda uşaqlar üçün həyat ildən-ilə yaxşılaşır"

UNICEF: "Azərbaycanda uşaqlar üçün həyat ildən-ilə yaxşılaşır"

BMT-nin Uşaq Fondu (UNICEF) təsis edilməsinin 70-ci ildönümündə dünyada uşaqlar üçün nail olunmuş olduqca böyük və əhəmiyyətli inkişafı bayram edir, həyatları münaqişə, böhran, yoxsulluq, qeyri-bərabərlik və ayrı-seçkilik səbəbindən təhlükədə qalmaqda davam edən milyonlarla uşağın xilası üçün təkidli çağırışını yeniləyir.

UNICEF-in Azərbaycan nümayəndəliyindən SİA-ya məlumat verilib ki, təşkilat öz yubileyini dünya üzrə hökumətlərdən, vətəndaş cəmiyyətlərindən və gənc insanlardan ibarət olan tərəfdaşları ilə birlikdə qeyd edir. Eyni zamanda, 70 yaşı tamam olan UNICEF Azərbaycanda hər bir uşaq üçün inkişaf konsepsiyasını irəli sürür.

"İşə başlamağımızdan yetmiş il keçdikdən sonra bizim bayram etməyə çoxlu səbəblərimiz olduğu kimi, uşaqlar üçün görüləcək işlərimiz də hələ çoxdur. Azərbaycanda uşaqlar üçün həyat ildən-ilə yaxşılaşmaqdadır. Biz istəyirik ki, bu inkişaf bütün ölkə boyu və istənilən şəraitdə hər bir uşağı əhatə etsin", - deyə UNICEF-in Azərbaycandakı nümayəndəsi Edvard Karvardin bildirib.

UNICEF Azərbaycanda öz işinə 1993-cü ildə başlayıb. UNICEF-in ölkə üzrə ilk proqramlarında əsas diqqət peyvəndləmə, səhiyyə, reabilitasiya, qida, təhsil və uşaqların müdafiəsi kimi təxirəsalınmaz ehtiyaclara yönəldilib. Hökümətlə və vətəndaş cəmiyyəti ilə birlikdə işləyərək UNICEF Azərbaycanda əhəmiyyətli inkişafa öz töhfəsini verib.

"Mən inanıram ki, hər bir uşaq üçün sərmayəni təşviq etmək məqsədilə hökumətdəki, parlamentdəki, vətəndaş cəmiyyətindəki və beynəlxalq ictimaiyyətdəki tərəfdaşlarımızla birlikdə işləməklə biz öz konsepsiyamızın Azərbaycanın hər yerində bütün ailələr və icmalar üçün reallığa çevriləcəyinin şahidi olacağıq", - deyə Edvard Karvardin əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə