Sosial şəbəkələrdən cinayətə aparan yol ARAŞDIRMA

Sosial şəbəkələrdən cinayətə aparan yol ARAŞDIRMA

Ötən gün Bakıda metronun "Memar Əcəmi" stansiyası qarşısında 21 yaşlı oğlanı öldürən şəxs polisə təslim olub. Nəsimi Rayon Polis İdarəsinin yaydığı məlumatda bildirilir ki,1999-cu il təvəllüdlü Hüseynov Mirismayıl Mircəlal oğlu könüllü olaraq Polis İdarəsinə gələrək təslim olub. O, ilkin ifadəsində öldürdüyü şəxsin sosial şəbəkədə 13 yaşlı bacısı ilə danışaraq, görüşə dəvət etdiyi üçün bu hərəkəti etdiyini deyib. Hadisəyə diqqətlə nəzər yetirsək burada həm psixoloji, həm də sosioloji amillərin olduğunu görmək mümkündür. 17 yaşlı yeniyetmənin tək başına bu cür problemi həll etməsi, eyni zamanda da 13 yaşlı uşağın sosial şəbəkədən istifadəsi nə dərəcədə düzgündür? SİA bu suallara cavab tapmağa çalışıb.

Məsələ ilə bağlı danışan ailə psixoloqu Sevinc Məhərrəm bildirib ki, insan həyatına qıymaq, təcavüz etmək terrorçuluq hadisəsidir: "Bir insanın bu cür neqativ davranış etməsi o deməkdir ki, onun daxilində 5 - kin, nifrət, hirs, qısqanclıq və düşmənçilik kimi neqativ hiss hökm sürür. Sözügedən hisslərə hakim ola bilməyən insanlar cinayətə daha çox meyli olurlar. Məhz bu səbəbdən də ötən gün qətl tərədən 17 yaşlı yeniyetmə öz hisləri qarşısında aciz qalaraq başqasının həyatına son qoyub. Ümumiyyətlə, insanlarda neqativ hisslər zaman-zaman düşdüyü mühit, aldığı tərbiyə, informasiya nəticəsində formalaşır. Bu hisslər hər kəsdə olar bilər. Amma bu o demək deyil ki, belə insanlar hər zaman neqativ hərəkət edirlər. Sadəcə onlar düşdükləri vəziyyətdə öz hislərinə üstün gələ bilmir və nəticə etibarı ilə faciəli hadisələrin mərkəzinə atılırlar".

Bu cür hadisələrdə yaş amilinin təsirlərindən söz açan S. Məhərrəm qeyd edib ki, yaşın müəyyən qədər təkanverici rolu var amma bu o demək deyil ki, 17 yaşlı şəxs kiminsə həyatına qəsd edə bilər: "Görünür qətli törədən şəxsin həyat şəraiti, tərbiyəsi və maariflənmə səviyyəsi onun davranışlarına nəzarət etməsi üçün kifayət etməyib. Çünki, məktəb, tərbiyə, ətraf, düşdüyü mühit hər bir şəxsin psixologiyasına təsir edən əsas amillərdir. Bu baxımdan deyə bilmərik ki, bütün 17 yaşlı gənclər bu davranışı edə bilər".

Psixoloq qeyd edib ki, əgər yeniyetmə düşdüyü vəziyyəti ailəsi ilə paylaşsa idi o zaman nə özünün, nə də digərinin həyatını məhv etməzdi: "İnsanların eqosunun şişdiyi bir dövrdə yaşayırıq. Nədənsə yaşından asılı olmayaraq insanlar məsləhətdən çox özləri qərar verməyə üstünlük verirlər. Atalarımızda deyib ki, məsləhətli don gen olar. Ona görə də hər kəs problemlərinin həllində, düşdüyü vəziyyətdən çıxış yolu axtararkən böyükdən məsləhət alsa, o zaman həmin şəxsin daha düzgün addım atmaq faizi yüksəlmiş olar. Məhz bu vəziyyətdə 17 yaşlı yeniyetmə problemini mütləq şəkildə valideynləri, böyükləri ilə məsləhətləşsə idi məsələ faciə ilə deyil, daha asan yolla həllini tapmış olardı. Çünki onun nə həyat təcrübəsi, nə biliyi, nə yaşı, nə də səbri düşdüyü problemin tək həll etməsinə imkan vermirdi".

Sosial şəbəkələrin insanların ayrılmaz hissəsinə çevrildiyini deyən sosioloq Əhməd Qəşəmoğlu bildirib ki, sosial şəbəkələrin xeyrindən çox, ziyanlı tərəfləri var. O qeyd edib ki, sosial şəbəkələr azyaşlılar, eləcə də müəyyən yaş həddində olan insanlar arasında faciələrə səbəb olur: "Çox təəssüf ki, Azərbaycanda azyaşlıların sosial şəbəkələrdən istifadə etməsini qadağan edən mexanizm yoxdur. Hazırda bu məsələ ailədə aparılan icraat işləri, təlim-tərbiyə və maarifləndirmədən asılıdır. Təbii ki, ailələr belə məsələlərdə diqqətli olmalı, eləcə də məktəblər bununla bağı maarifləndirmə işləri aparılmalıdır. Belə halların qarşısını almaq mümkün olmadığı üçün düşünürəm ki bu cür hadisələr arta bilər. Xüsusilə də azyaşlıların sosial şəbəkən istifadə edib özlərindən qat-qat böyüklərlə münasibət qurması halları yayılmaqdadır. Bir müddət öncə bu kimi hadisələr daha çox Rusiyada geniş yayılmışdı. Hətta orada azyaşlıların psixologiyasını pozulması ilə bağlı məsələlərdə geniş müzakirə olunur, uşaqların bir çoxu bu kimi hadisələrə görə xəstəxanalarda müalicə alırdılar. Bu hal digər ölkələrdə də var".

Mütəxəssis qeyd edib ki, bu halların qarşısının alınması üçün məktəblərdə sosial xidmətlər yaradıla bilər: "Belə xidmətlərdə psixoloq və digər mütəxəssislərin fəaliyyət göstərməsi mütləqdir. Çünki riyaziyyat, bilogiya və ya tarix müəllimi uşaqlarla bu cür mövzularda maariflənmə apara bilməz. Bu baxımdan hesab edirəm ki, məktəblərdə bu aspektdə işlərin aparılmasına böyük ehtiyac var. O ki qaldı bununla bağlı qətl hadisələrinin törədilməsinə, bu, təbiidir. Çünki Azərbaycan mühiti azyaşlı qızla ondan qat-qat böyük oğlanın hər hansı bir münasibətinin olması hallarına hazır deyil".

Bütün xəbərlər Facebook səhifəmizdə