Bakıda Dinlərarası Tolerantlıq üzrə Beynəlxalq konfrans başlayıb

Bakıda Dinlərarası Tolerantlıq üzrə Beynəlxalq konfrans başlayıb

ADA Universitetində "Dinlərarası Tolerantlıq və mətbuatın rolu" mövzusunda beynəlxalq konfrans başlayıb. SİA-nın məlumatına görə, tədbir Avropa İttifaqının Azərbaycan nümayəndəliyi, ADA Universitetində Avropa İttifaqının Qabaqcıl Təcrübəsinin dəstəyi Mərkəzi, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Beynəlxalq Avrasiya Mətbuat Fondu və Beynəlxalq Miqrasiya Təşkilatının dəstəyi ilə keçirilir. Tədbirdə hökumət rəsmiləri, diplomatik korpusun nümayəndələri, jurnalistlər, beynəlxalq ekspertlər, tələbələr iştirak edirlər.

Aİ-nin Azərbaycankakı nümayəndəliyinin rəhbəri səfir Malena Mard konfransın əhəmiyyətini vurğulayıb. Qeyd edib ki, Azərbaycanda bu il Multikultrazim ili elan edilib və konfransın mövzusu da bununla bağlıdır. O deyib ki, burada dini nifrət, ekstrizmin artımı kimi çətin mövzularla bağlı fikir mübadiləsi aparılacaq və Aİ- nin mövqeyi çatdırılacaq: "Qeyd edilən məsələlərin həllinin tapılması üçün açıq müzakirələr vacibdir. Bu mövzu ətrafında ekspertlərin, media nümayəndələrinin fikir bildirməsi vacibdir. Azərbaycanda müxtəlif etnik azlıqlar arasında hər zaman anlaşma olub".

O, Avropa Komissiyasının birinci vitse-prezidenti Frans Timmermansın 2015-ci ildə ilk dəfə keçirilmiş İllik Fundamental Hüquqlar seminarında dediyi sözləri xatırladıb: "Anti-müsəlman və anti-semit nifrətinə qarşı mübarizə aparmaq Avropanın gələcəyi üçün mühüm əhəmiyyət kəsb edir... bu sual ümumiyyətlə cəmiyyət barədədir, prinsiplərimiz və əsas dəyərlərimiz haqqındadır".

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı bildirib ki, tolerantlıq bizim qədimdən gələn ənənəmizdir, müxtəlif millətlər tarixən burda dinc şəkildə yaşayıb: "Azərbaycan öz ərazisində yaşayan xalqlara heç bir mənfi münasibət göstərməyib. Üç səmavi dinin nümayəndələri öz dini inanclarını dinc şəraitdə yerinə yetirir".

Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov Azərbaycan həqiqətən tolerant ölkədir, müxtəlif millətlər, o cümlədən yəhudilər, xristianlar, həmçinin ermənilər heç bir problem olmadan burada rahat şəkildə yaşayırlar. Paytaxtın mərkəzində erməni kilsəsi olduğu kimi qalır.

Bu sahədə ideal qanunvericiliyimiz var. Azərbaycan konstitusiyasına görə din dövlətdən ayrıdır, hec kim hansısa dini qəbul etməyə məcbur edilə bilməz. Bu sahədə medianın roluna toxunan Ə.Amaşov deyib ki, tarixən Azərbaycan mətbuatında tolerantlıq təbliğ olunub. Qarabağ hadisələri alovlananda da mediada nifrət və s. bağlı heçbir mənfi münasibət olmayıb. Hazırda Azərbaycanda müstəqil media fəaliyyət göstərir.

Bütün xəbərlər Facebook səhifəmizdə