ARGTMŞ-ın illik hesabat tədbiri keçirilib

ARGTMŞ-ın illik hesabat tədbiri keçirilib

Bu gün Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) illik hesabat tədbiri və üzvlərinin məclisi keçirilib. SİA-nın məlumatına görə, tədbirdə Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev, gənclər və idman nazirinin müavini İntiqam Babayev, Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev, ARGTMŞ-ın sədri Seymur Hüseynov, digər dövlət rəsmiləri, gənclər təşkilatlarının nümayəndələri və fəal gənclər iştirak ediblər.

Tədbir iki hissədən ibarət olub. Birinci hissə Azərbaycan Respublikasının dövlət himni ilə başlayıb. Daha sonra ARGTMŞ-ın hesabat xarakterli videoçarxı izlənilib.

Ardınca ARGTMŞ-ın sədri Seymur Hüseynov təşkilatın 2016-cı il üzrə fəaliyyəti haqda hesabat xarakterli məruzə ilə çıxış edib və 2017/2018-ci illər üzrə İnkişaf Strategiyasından danışıb.

Nazir müavini İntiqam Babayev Gənclər Təşkilatları Milli Şurasının fəaliyyətini yüksək qiymətləndirib, təşkilatın gənclər siyasəti sahəsində önəmli layihələr həyata keçirdiyini bildirib.

Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev ARGTMŞ-ın yaradılması və uğurlu fəaliyyətinin ölkənin gənclər siyasətinin uğuru kimi qiymətləndirib. O, təşkilatın konfederativ qurum kimi fəaliyyət göstərməsinin müsbət bir ənənə olduğunu vurğulayıb. Prezident Administrasiyası rəsmisi ARGTMŞ-ın bundan sonra da öz sıralarını genişləndirəcəyinə və təşkilatlar arasında şəbəkələşməni daha da gücləndirəcəyinə ümid etdiyini deyib. O, qurumun gələcək illərdə də gənclər siyasətinin inkişafına töhfə verəcəyinə inandığını bildirib.

Daha sonra çıxış edən Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev ARGTMŞ-ın həyata keçirdiyi layihələrin önəmliliyindən, təşkilatın gənclər sahəsinin inkişafındakı rolundan danışıblar.

Tədbirin gedişatında ARGTMŞ tərəfindən Gənclər və İdman Nazirliyinin dəstəyi ilə keçirilən "Yerli" Kənd Gənclərinin İnkişaf Proqramının hesabat videoçarxı izlənilib və proqram çərçivəsində fəallığına görə fərqlənən kənd gənclərinin mükafatlandırılma mərasimi keçirilib.

Tədbirin ikinci hissəsində Gənclər Təşkilatları Milli Şurasının üzvlərinin məclisi keçirilib. Məclis zamanı ARGTMŞ-ın üzvü olmaq üçün müraciət olunan təşkilatların namizədliyinə baxılıb və məclis iştirakçılarının səsverməsi əsasında təsdiq olunub. Tədbirdə təşkilatın Mərkəzi-Nəzarət Təftiş Komissiyası tərəfindən hesabat təqdim olunub. Daha sonra iclasda ARGTMŞ-ın fəaliyyət hesabatı və İnkişaf Strategiyasının qəbul olunması ilə bağlı qərar verilib. Məclisin gedişatında təşkilatın baş katibi vəzifəsinə namizəd irəli sürülüb, həmçinin qurumun fəaliyyəti ilə bağlı cari məsələlər müzakirə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə