VI RespublikaUşaq yaradıcılıq müsabiqəsi qaliblərinin sərgisi və mükafatlandırılması mərasimi keçirilib

VI RespublikaUşaq yaradıcılıq müsabiqəsi qaliblərinin sərgisi və mükafatlandırılması mərasimi keçirilib

Dekabrın 14-də Fövqəladə Hallar Nazirliyinin Akademiyasında Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı və Təhsil Nazirliyinin dəstəyi ilə "Fövqəladə hallar uşaqların gözü ilə" VI Respublika uşaq yaradıcılıq müsabiqəsi qaliblərinin sərgisi və mükafatlandırılması mərasimi keçirilib. SİA-nın Fövqaladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən xəbərinə görə, tədbirdə fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov, təhsil naziri Mikayıl Cabbarov, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov iştirak edib. Əvvəlcə, tədbir iştirakçıları Akademiyanın həyətində ulu öndər Heydər Əliyevin xatirəsinə ucaldılmış abidənin önünə gül dəstələri qoyub, onun əziz xatirəsini ehtiramla yad ediblər. Sonra tədbir iştirakçıları sərgi ilə tanış olublar. Sərgi ilə tanışlıqdan sonra Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib, qaliblərin mükafatlandırılması mərasimi keçirilib. Respublikanın bütün şəhər və rayonlarının ümumtəhsil məktəblərinin iştirak etdiyi və 18 oktyabr-14 dekabr 2016-cı il tarixlərində keçirilmiş müsabiqənin məqsədi uşaqlara təhlükəsiz həyat fəaliyyətinin əsaslarının öyrədilməsi, istedadlı uşaqların üzə çıxarılması və onlara dəstək verilməsi, yetişməkdə olan gənc nəslin vətənpərvərlik ruhunda tərbiyələnməsi, fövqəladə hal problemlərinə ictimaiyyətin diqqətinin yönəldilməsi olub. Müsabiqə rəsm, plakat, əl işi, yanğın və qəza-xilasetmə texnikasının modeli, yumşaq oyuncaq nominasiyalarında məktəb, rayon və ümumrespublika birinciliyi mərhələləri üzrə keçirilib. Rayon və şəhər müsabiqələrinin yekunları üzrə Təşkilat Komitəsinə 498 rəsm, 250 plakat, 222 əl işi, 215 yanğın və qəza-xilasetmə texnikasının modeli və 149 yumşaq oyuncaq təqdim olunub. Təqdim olunan işlər Təşkilat Komitəsi tərəfindən qiymətləndirilib, 40 rəsm, 38 plakat, 33 əl işi, 20 yanğın və qəza-xilasetmə texnikasının modeli və 13 yumşaq oyuncaq mükafata layiq görülüb.

Sonda tədbir bədii hissə ilə davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə