“Bayraq qülləsi” və“Atəşgah abidəsi”nin tikintisi başa çatıb

“Bayraq qülləsi” və“Atəşgah abidəsi”nin tikintisi başa çatıb

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Bakı şəhəri və onun ətraf qəsəbə və kəndlərin sosial-iqtisadi inkişafının sürətləndirilməsi üçün verdiyi tapşırıqlar, imzaladığı sərəncamlar, bu tədbirlərin icrasına ayırdığı diqqət, hər yerdə olduğu kimi, Pirallahı rayonunda da öz müsbət nəticələrini verməkdədir. Aparılan tikinti-quruculuq və abadlıq işləri geniş vüsət alaraq, rayonun simasını xeyli dəyişdirib. SİA-ya verilən məlumata görə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Bakı şəhəri Pirallahı rayonunun qəsəbə daxili avtomobil yollarının yenidən qurulması ilə bağlı tədbirlər haqqında Sərəncamı"na əsasən Pirallahı qəsəbəsinin daxilində ümumi uzunluğu 8,5 km olan mərkəzi yolda əsaslı təmir işləri davam etdirilir. Yolun 12-15 metr enində genişləndirilməsi ilə əlaqədar layihə üzrə tikinti işləri hazırda mərkəzi küçədə aparılır. S.Vurğun küçəsində 9 mərtəbəyə gedən yolun hər iki tərəfində və mərkəzi yolun kənarında 29-cu məhəllədən başlayaraq Pirallahı İdman zalının qarşısınadək yeni hasarın tikintisi tamamlanıb. Hasarın başlanğıcında üstündə Azərbaycan Respublikasının dövlət bayrağı və üzərində saat quraşdırılmış hündürlüyü 9,8 m olan qüllə inşa edilib. Həmçinin Səməd Vurğun küçəsi mərkəzi yol kənarında, üzərində dekorativ elementlər olan "Atəşgah abidəsi"nin tikintisi başa çatdırılıb. "Atəşgah abidəsi"nin üzərində Bakı şəhəri gerbinin təsviri quraşdırılıb. Bu abidə tarixi Suraxanı Atəşgahının formasında inşa edilib, o cümlədən hər iki qüllənin eni və uzunluğu 2,2 metr, fasadları isə üzlük ağlay daşları ilə üzlənib. Qüllələr müasir işıqlandırma sistemləri ilə təchiz edilib. Həmçinin qüllələrin ətrafından başlayaraq körpüyə qədərki ərazidə yeni salınmış təpələrin yamaclarında 516 metr uzunluğunda estetik görünüşlü taxta hasarlar quraşdırılıb və bu sahədə işlər davam etdirilir.

Qeyd edək ki, Pirallahı rayonunda aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri zamanı çalışılır ki, Azərbaycanın qədim tarixi-memarlıq üslubundan istifadə edilsin.

Bütün xəbərlər Facebook səhifəmizdə