Gəncədə “Nizami və dünya ədəbiyyatı” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib FOTOLAR

Gəncədə “Nizami və dünya ədəbiyyatı” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib FOTOLAR

Beynəlxalq elmi-praktik konfransdan öncə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri, nümayəndə heyəti və Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək abidə önünə gül dəstələri qoyublar. SİA-nın verdiyi məlumata görə, daha sonra Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 875 illik yubileyinə həsr olunmuş "Nizami yurdu – qədim Gəncə" adlı təsviri sənət əsərlərindən ibarət sərgiyə baxış keçirilib.

Sərgiylə tanışlıqdan sonra mütəfəkkir və filosov Nizami Gəncəvinin 875 illik yubileyinə həsr olunmuş "Nizami və dünya ədəbiyyatı" mövzusunda beynəlxalq elmi-praktik konfrans öz işinə başlayıb.

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev konfransı giriş sözü ilə açıq elan edib. Latviya Respublikasının sabiq Prezidenti Vayra Vike Freyberqa və Misir Ərəb Respublikasının İsgəndəriyyə kitabxanasının direktoru İsmayıl Seragəldinə tövhələrinə və xidmətlərinə görə təşəkkür edib. Bildirib ki, Nizami Gəncəvinin təbliğatı istiqamətində Nizami Mərkəzinin fəaliyyəti danılmazdır. Nizami Gəncəvinin zəngin ədəbi fəaliyyəti təkcə Azərbaycanın deyil, eyni zamanda yaxın və orta şərqin ümumi mədəniyyət mərkəzi kimi tanınan Gəncə ilə bağlılığı var. Elmar Vəliyev Ulu Öndər Heydər Əliyevin Nizami Gəncəvi ilə bağlı bir deyimini yada salıb: "Təkcə Nizami Gəncəvi kimi bir şəxsiyyəti bağışladığına görə Gənc torpağı, gəncəlilər əbədi minnətdarlığa layiqdirlər". Vurğulayıb ki, dahi söz ustadının 875 illik yubleyi ilə əlaqədar 2017-ci ildə də tədbirlərin keçirilməsi davam edəcək.

İcra başçısı xatırladıb ki, Ümummilli Lider Heydər Əliyevin təşəbbüsu ilə Nizami Gəncəvinin dünya ədədbiyyatı sırasında layiqli yer tutması, irsinin öyrənilməsi, təbliği və kitablarının nəşri ilə bağlı 6 yanvar 1979 cu ildə Sərncam imzalamışdır. 1981-ci ilin avqustunda Nizami Gəncəvinin anadan olmasının 840 illiyinin qeyd olunması haqqında qərar qəbul olunub. Şairin 870 illik yubileyinin keçirilməsi haqqında 23 dekabr 2011 -ci il tarixli Sərəncamın icrası ilə əlaqədar Nizami Məqbərəsi əsaslı şəkildə yenidən qurulub. "Xəmsə daş kitabələr kompleksi" inşa edilib. Nizami poyezya teatrı əsaslı təmir edilərək istifadəyə verilib, AMEA-nın Gəncə Bölməsində Nizami Gəncəvi İnstitutu açılıb. Nizaminin adını daşıyan küçənin görkəmi tamamilə dəyişdirilərək ətrafı əsərləri ilə bəzədilmiş prospektə çevrilib. Mütəfəkkirin əsərləri şərq və qərb poyezyasına əsirlər boyu güclü təşir göstərib.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri xanım Vayra Vike Freyberqa, Misir Ərəb Respublikasının İsgəndəriyyə Kitabxanasının direktoru İsmayıl Seragəldin, Kəşmir Universitetinin İslam Tədbiqatları mərkəzinin rəhbəri Əhməd Nasem Şah çıxışlarında Şərq xalqlarının ədəbiyyatına son dərəcə yüksək humanist ideyalar və yeni sənətkarlıq nailiyyətləri gətirərək yeni istiqamət açan dahi Azərbaycan şairi Nizami Gəncəvinin yaradıcılığını təhlil edərək möhtəşəm əsərlər yaratdığını diqqətə çatdırıblar. Bildiriblər ki, dahi şairin əsərləri dünya ədəbiyyatı xəzinəsinin ən qiymətli incilərindəndir. Bu əsərlər bəşəriyyətin yetişdirdiyi böyük dühaların yaratdığı ölməz abidələr arasında özünə ən layiqli yeri tutur. Nizami Gəncəvi müstəsna şəxsiyyətdir ki, xalqının soy kökünə xas olan ən yaxşı xüsusiyyətləri - istedad, ağıl, vicdan, şərəf, bəsirət və uzaqgörənlik kimi xüsusiyyətləri özündə birləşdirir.

AMEA-nın Gəncə Bölməsinin Nizami Gəncəvi Mərkəzinin direktoru Xəlil Yusifli çıxışımnda vurğulayıb ki, bu gün dahi söz ustadının 875 illik yubileyinə uzaq ölkələrdən də çoxlu sayda tanınmış şəxsiyyətlərin toplanması onu göstərir ki, Nizami yaradıcılığı bu gün də aktualdır və dünya xalqları onu qəbul edir, əsərlərini böyük həvəslə oxuyur, tədqiq edirlər. Xatırladıb ki, Nizami Gəncəvi yaradıcılığı tədqiqatçılar üçün böyük yaradıcılıq mənbəyidir. Əsrlər, qərinələr bir-birini əvəz etsə də Nizami irsi hələ də tədqiqat mövzusu olaraq qalacaq. Onun yaradıcılığı ilə təkcə Şərq tədqiqatçıları deyil, eyni zamanda Avropa şərqşünasları da məşğul olurlar. Bu da onu göstərir ki, Nizami yaradıcılığı Şərqlə Qərbin fəlsəfi, bədii estetik sintezi, vəhdətidir. O, bir tərəfdən Aristoteli, Platonu mənimsəmişdirsə, o biri tərəfdən də Firdovsini, İbn Sinanı mənimsəmişdir. Bu baxımdan mütəfəkkir şairin dünya görüşündə bu iki aləmin vəhdəti yaranıb. Nizami yaradıcılığının gücü, qüdrəti onda idi ki, hansı mövzuya yanaşırdısa, həmin mövzunu özününkü edirdi.

Gəncə Dövlət Universitetinin prorektoru, millət vəkili Pərvin Kərimzadə dünyanın nadir şəxsiyyətlərindən olan Nizami Gəncəvinin bəşər tarixinə verdiyi əvəzsiz incilərdən danışaraq, onun yaratdığı əsərlərin bundan sonra da min illərlə aktual olacağını diqqətə çatdırıb. Bildirib ki, Nizami Gəncəvinin yaradıcılığında dövrünün ən humanist, ümumbəşəri ictimai-siyasi, sosial və mənəvi, əxlaqi ideyalar parlaq şəkildə öz əksini tapıb. Dahi şair üçün şəxsiyyətin ən yüksək meyarı insanlıq olub.

AMEA-nın Gəncə Bölməsinin akademik-katibi, akademik Fuad Əliyev Nizami Gəncəvi irsinidən söz açarkən deyib ki, şair əsərlərində təsvir etdiyi hadisələri Azərbaycanla əlaqələndirməyə, doğma vətəni Azərbaycanı tərənnüm etməyə çalışıb. Bu baxımdan Nizami Gəncəvi yaradıcılığında Vətən məhəbbəti doğma xalq yolunda qəhrəmanlıq ideyası ilə birləşir. Buna görə də Ümummilli liderimiz Heydər Əliyev Nizami Gəncəvi yaradıcılığına çox böyük qiymət verərək deyirdi ki, bu əsərlər təkcə şeirdən ibarət deyildir. Onların hər birində böyük elm, fəlsəfə və dahi fikirlər vardır. Buna görə də onun əsərləri də, özü də yaşayır və yaşayacaq.

Çıxışlardan sonra Latviya Respublikasının sabiq Prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri xanım Vayra Vike Freyberqaya Azərbaycan Dövlət Aqrar Universitetinin "Fəxri Doktoru "adının verilməsi ilə əlaqədar ADAU-nun Elmi Şurasının qərarının oxunduqdan sonra diplom və mantiya təqdim olunub. Misir Ərəb Respublikasının İsgəndəriyyə Kitabxanasının direktoru, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri doktor İsmayıl Seragəldinə isə Gəncə Dövlət Universitetinin "Fəxri Doktoru" adının verilməsi ilə əlaqədar GDU-nun Elmi Şurasının qərarı oxunduqdan sonra diplom və mantiya təqdim edilib.

İcra başçısı Elmar Vəliyev hər mötəbər qonağa Nizami Gəncəvinin "Xəmsə" sini və ümumilikdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzini təmsil edən şəxslərə Nizami Gəncəvinin və Məhsəti Gəncəvinin portret xalçalarını hədiyyə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə