Kürdəmirdə Ulu Öndər Heydər Əliyev anıldı FOTO

Kürdəmirdə Ulu Öndər Heydər Əliyev anıldı FOTO

Ümummilli Lider Heydər Əliyevin Anım Günü münasibətilə Yeni Azərbaycan Partiyası (YAP) Kürdəmir rayon təşkilatının Gənclər Birliyinin tədbiri keçirilib. YAP rayon təşkilatının qərargahında keçirilən tədbirdə YAP rayon təşkilatının Gənclər Birliyinin şura və idarə heyəti üzvləri, fəal gənclər iştirak ediblər.

SİA-nın məlumatına görə, tədbir iştirakçıları əvvəlcə rayon təşkilatının qərargahında Ümummilli Lider Heydər Əliyevin büstünün önünə gül dəstələri düzərək Ulu Öndərin xatirəsini ehtiramla yad ediblər.

Sonra dəyirmi masa YAP rayon təşkilatı qərargahının akt zalında öz işinə başladı.Tədbir iştirakçıları əvvəlcə dahi şəxsiyyət, Ulu Öndərimiz Heydər Əliyevin nurlu və əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Tədbiri giriş sözü ilə YAP Kürdəmir rayon təşkilatı Gənclər Birliyinin sədri Daşqın Rüstəmov açıb. O, bildirib ki, dekabrın 12-də müstəqil Azərbaycan Respublikasının banisi, Ümummilli Liderimiz Heydər Əliyevin vəfatından 13 il ötür. Natiq vurğulayıb ki, Heydər Əliyevin ölməz, əbədi xatirəsini xalqımız hər an yad edir və xatırlayır. Ulu Öndər Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlər ərzində, həmişə xalqımızın milli maraqlarını dəqiq müəyyən etmiş, ictimai, siyasi, iqtisadi, mədəni və digər sahələrlə yanaşı gənclərlə aparılan işi daim önə çəkmişdir. O qeyd edib ki, Ulu Öndərin Azərbaycan gəncliyinə göstərdiyi qayğı bu gün ölkə rəhbəri, partiyamızın sədri cənab İlham Əliyev tərəfindən davam etdirilir.

Çıxışçılardan YAP Kürdəmir rayon təşkilatının baş məsləhətçisi Məhəmməd Heydərli, Heydər Əliyev Mərkəzinin elmi işçisi Xəyyam Məlikov,rayon təşkilatının Gənclər Birliyinin şura üzvü, şəhər 2 saylı tam orta məktəbin müəllimi Leyla Abdurahmanova, fəal gənc Rauf Abuşov bildiriblər ki, tarixi şəxsiyyət olan Ulu Öndərimiz bütün həyatını dövlətçiliyimiz, xalqımızın bu günü və gələcəyi naminə həsr edərək güclü, sarsılmaz, qüdrətli bir dövləti – Azərbaycanı bizə bəxş etdi. Heydər Əliyevin ölməz, əbədi xatirəsini xalqımız hər an yad edir və xatırlayır. Natiqlər bu gün ölkə rəhbəri cənab İlham Əliyevin bu siyasəti çox böyük uğurla davam etdirməsinin müstəqil və müasir Azərbaycanın işıqlı gələcəyinin qarantına çevrilməsinə səbəb olduğunu vurğulayıblar. Onlar gənc olaraq bu sabitlikdən, əmin-amanlıqdan bəhrələnərək ölkəmizin uğurlu gələcəyi naminə durmadan çalışacaqlarını qeyd ediblər.

Sonda YAP Kürdəmir rayon təşkilatının sədri Ağali Kərimli qeyd edib ki, müasir tariximizin hər bir sətri Ümummilli Liderimiz Heydər Əliyevin qüdrətli əlləri ilə yazılmışdır. Bu gün cənab İlham Əliyevin rəhbərliyi ilə əldə etdiyimiz bütün nailiyyətlər Heydər Əliyev dühasının, ideyalarının nəticəsi və təntənəsidir. Ömrünü xalqının firavan yaşamasına həsr edib, dünya miqyasında tanınan və əziz xatirəsi hörmətlə yad edilən Ulu Öndər Heydər Əliyev xalqımızın yaddaşında əbədi olaraq yaşayır və yaşayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə