Azərbaycanda ədliyyə sisteminin inkişafı üzrə yeni layihəyə başlanılır

Azərbaycanda ədliyyə sisteminin inkişafı üzrə yeni layihəyə başlanılır

Bu gün "Azərbaycanda ədliyyə sisteminin inkişafına və cinayət işləri üzrə məhkəmə qərarlarını icra edən qurumların göstərdiyi xidmətlərin təkmilləşdirilməsinə dəstək" layihəsinin rəsmi təqdimetmə mərasimi keçirilib. SİA-nın məlumatına görə, layihə Avropa İttifaqı və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən həyata keçiriləcək.

Təbirdə çıxış edən Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard Azərbaycanda güclü və səmərəli ədliyyə və məhkəmə sisteminin inkişaf etdirilməsində layihənin əhəmiyyətini vurğulayıb. Qeyd edib ki, layihədə növbəti iki ildə daxili ədliyyə sisteminin gücləndirilməsi, hakimlərin peşəkar fəaliyyətinin qiymətləndirilməsi və s. məqamlar əksini tapıb.

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin İnsan Hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəhbəri Faiq Qurbanov layihənin ədliyyə sisteminin inkişafı və məhkəmə qərarlarını icra edən orqanların fəaliyyətinin daha da güclənməsinə xidmət etdiyini vurğulayıb. Qeyd edib ki, Azərbaycan Prezidenti hər zaman icimai iştirakçılığa böyük önəm verir, bu layihəyə də vətəndaş cəmiyyəti üzvləri cəlb edilib. Layihənin mühüm elementlərindən biri beynəlxalq təcrübənin öyrənilməsidir və onun həyata keçirilməsi ilə qarşıdakı məqsədlərə nail olunacaq.

Azərbaycan Respublikasının Baş Prokurorluğun Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Təşkilati və İnformasiya təminatı idarəsinin rəisi Orxan İsayev deyib ki, Azərbaycan korrupsiyaya qarşı mübarizə tədbirlərində hər zaman fəal iştirak edib, bu istiqamətdə beynəlxalq konvensiyalara qoşulub: "Dövlətlərin təkbaşına korrupsiya ilə mübarizə aparması çətindir və ölkəmiz bu məsələdə müvafiq qurumlarla əməkdaşlıq edir".

O, layihənin korrupsiya ilə mübarizə tədbirlərinə dəstək verəcəyini ifadə edib. Azərbaycan Məhkəmə-Hüquq Şurasının üzvü Xəqani Tağıyev məhkəmə-hüquq sistemində əldə edilən uğurlardan danışıb. Ölkəmizdə hakim seçkisinin şəffaf şəkildə həyata keçirildiyini deyib. Yeni layihənin ədliyyə sisteminin inkişafına töhfə verəcəyini əlavə edib. Daha sonra 2018-ci ilin sentyabr ayına qədər davam edəcək layihənin fəaliyyət istiqamətləri ilə bağlı təqdimat olub.

Layihənin qrup rəhbəri Pamela Fahey bildirib ki, layihə çərçivəsində məhkəmə hakimiyyətinin özünüidarə orqanlarının rolu və funksiyalarının təhlili, hakimlərin peşə fəaliyyətinin qiymətləndirilməsi ilə bağlı metodologiyanın tərtibi, probasiya xidmətinin konsepsiyasının hazırlanması, Avropa ölkələrinə təlim səfərləri nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə