“Azərbaycan Mədəniyyətlər Diyarı” layihəsinə yekun vurulub

“Azərbaycan Mədəniyyətlər Diyarı” layihəsinə yekun vurulub

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə reallaşan "Azərbaycan Mədəniyyətlər Diyarı" layihəsinə yekun vurulub.

Bununla bağlı keçirilən tədbirdə layihə çərçivəsində görülən işlərdən danışılıb.

Diqqətə çatdırılıb ki, layihə çərçivəsində təşkil olunan tədbirlərdə, eləcə də hazırlanan televiziya verilişlərində tanınmış din xadimlərinin, mütəxəssislərin dilindən gənclərə lazımlı məsləhət və tövsiyələr verilib. Xüsusilə televiziya verilişlərinin daha böyük kütləyə xitab etməsi layihənin təsir gücünü daha da artırıb. Layihənin icrası zamanı Dini Qurumlar İş üzrə Dövlət Komitəsi, Qafqaz Müsəlmanları İdarəsi, Bakı Beynəlxalq Multikultiralizm Mərkəzi, paytaxtda fəaliyyət göstərən məscidlərin icmaları, ilahiyyatçılar, ekspertlər və bir sıra KİV-lərlə əməkdaşlıq həyata keçirilib.

Tədbirdə Səs İnformasiya Agentliyinin icraçı direktoru Vəli Vəliyev, İçərişəhər "Cümə" Məscidinin axund köməkçisi İlahiyyatçı Hacı Elşən Əlizadə, Məşədi Dadaş Məscidinin nümayəndəsi Rafael Müslümov çıxış edərək bu kimi tədbirlərin gənclər, ümumilikdə cəmiyyət üçün böyük önəm daşıdığını vurğulayıblar.

Çıxışlarda bildirilib ki, Azərbaycanda hər zaman separatizmi körükləməkdə maraqlı olan xaricdəki güclər həm etnik və həm də dini müstəvidə ölkəmiz üçün problemlər yaratmağa çalışırlar. Xüsusilə gənclərdən, təhsili zəif olan insanlardan öz məqsədləri üçün istifadə edirlər. Bu istiqamətdə maarifləndirmə işinin aparılması vacibdir. Gənclərimizi dini və mənəvi-əxlaqi dəyərlərimizə yad olan radikal təriqətlərin təsirindən qorumaq məsuliyyəti bütün cəmiyyətin üzərinə düşür. Məhz bu kimi layihələrin reallaşması da bu istiqamətdə görülən işlərə dəstəkdir, eyni zamanda əhəmiyyətlidir.

Tədbirin sonunda gənclərə, onların layihələrinə dəstək verdiyi üçün Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fonduna minnətdarlıq ifadə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə