Heydər Əliyev və kitabxana FOTOLAR

Nəsillərdə yaşayan ənənə
Heydər Əliyev və kitabxana FOTOLAR

AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunan "Heydər Əliyev və kitabxana – nəsillərdə yaşayan ənənə" adlı tədbir keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbiri giriş sözü ilə açan MEK-in direktoru Leyla İmanova rəhbərlik etdiyi elmi təşkilatın nümunəsində 1993-cü ildən 2003-cü ilə qədər Azərbaycan Respublikasının Prezidenti olan Heydər Əliyevin kitabxanalara göstərdiyi diqqətdən danışıb.

Bildirib ki, Ulu Öndərin ictimai-siyasi fəaliyyətinin mühüm məqsədlərindən biri müasirlərimizdə tarixi yaddaş duyğusunu gücləndirmək, əcdadlarımızın yaratdığı mənəvi sərvətlərə sahib çıxmaqdır. L.İmanova qeyd edib ki, kitabxananın hazırda üzərində çalışdığı Milli Rəqəmsal Yaddaş, Vikipediya və digər layihələr, həyata keçirdiyi elektron kataloqlaşdırma, irəli sürülən təkliflər və çoxsaylı təşəbbüslər MEK-də oxucu icmasını formalaşdırmaq və elmi kitabxananı akademik icmanın mərkəzinə çevirmək imkanı verir.

L.İmanova Ulu Öndərin ideyalarını layiqincə davam və inkişaf etdirən Prezident İlham Əliyevin ölkəmizdə kitabxana işinin təkmilləşdiririlməsi istiqamətində atdığı addımlardan da danışıb.

Tədbirdə MEK-in əməkdaşları – Aygün Səfərova və Günel Əhədova təqdimatla çıxış ediblər. Təqdimatda Mərkəzi Elmi Kitabxananın yeni informasiya tipli müəssisə olaraq milli-mədəni sərvətlərimizin mühafizəsi işində rolundan, bir çox dövlət sənədlərində kitabxanalar üçün müəyyən olunmuş vəzifələrə uyğun olaraq fəaliyyətindən bəhs olunub.

Tədbir çərçivəsində Ümummilli lider Heydər Əliyevlə bağlı Mərkəzi Elmi Kitabxanaya hədiyyə olunmuş kitabların sərgisi də təşkil edilib. Bildirilib ki, kitabxananın sərgi salonunda və Akademiklər zalının Ulu öndər Heydər Əliyev və ölkə Prezidenti İlham Əliyevin həyat və fəaliyyətini əks etdirən guşəsində Ümummilli Lider irsinə dair 252 adda kitab saxlanılır.

Sonda tədbirdə sərgilənən kitabların bir qismi iştirakçılara hədiyyə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə