Milli Məclisdə ƏƏSMN-in səlahiyyətlərinin artırılması təklif edilib

Milli Məclisdə ƏƏSMN-in səlahiyyətlərinin artırılması təklif edilib

"Gələn il ilk dəfə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) vəsaitləri hesabına vətəndaşlara işsizliyə görə veriləcək müavinətlərin artırılması gözlənilir". SİA-nın xəbərinə görə, bunu Milli Məclisin bugünkü plenar iclasında Əmək və sosial siyasət komitəsinin sədri Hadə Rəcəbli Milli Məclisin plenar iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 2017-ci il büdcəsi haqqında" qanun layihəsi müzakirə olunarkən deyib.

Onun sözlərinə görə, DSMF-nin ümumi məxaric məbləğinin bu maddəsinin 2015-ci ilə nisbətdə 3 dəfə çox olması gözlənilir.

Millət vəkili çıxışında debitor sığorta borclarının yığılması ilə bağlı ƏƏSMN-in səlahiyyətlərinin artırılmasını da təklif edib: "Qurumun gəlirləri təsnif olunarkən bir sıra məqamlar çözülməlidir. Qeyri-büdcə bölümü üzrə sosial sığortaya cəlbetmə illərlə artsa da, fiziki şəxslərdən yığım əmsalı son 5 ildə ümumi həcmin 1,6 faizini hələ də keçə bilməyib. Nəzərə alsaq ki, ölkədə əməktutumlu iş yerlərinin açılmasına, kənd təsərrüfatı və turizmin inkişafına, eyni zamanda özünəməşğulluğa geniş imkan veriləcək. Nəticədə bu istiqamətdə böyük ehtiyat mənbələri yaranacaq. İndiki maliyyə çətinlikləri dövründə büdcə təşkilatlarının büdcədənkənar vəsaitləri hesabına sığorta məbləğlərini artırmaq mümkündür. Məhz bununla əlaqədar proqnozlarda bu illə müqayisədə həmin mənbədən gələn ilə təxminən 3 dəfədən artıq yığım planlaşdırılıb. Debitor borclarla aparılan işin daha da yaxşılaşdırılması tələbləri də daha bir ehtiyat mənbəyidir. Son illər debitor sığorta borclarların artması və bu mənbənin bilavasitə qeyri-dövlət bölünümündə özünü bariz şəkildə göstərməsi faktı göz önündədir. Hazırda hüquqi bazanın bu borcların qaytarılmasına xidmət edən müddəaları olsa da, debitorlara qarşı sanksiyaların daha da gücləndirilməsinə və nazirliyə daha ciddi inzibati cəzalar tətbiq etmək imkanlarının yaradılmasına ehtiyac var".

Bütün xəbərlər Facebook səhifəmizdə