DYP və BŞİH hava şəraiti ilə əlaqədar VAHİD QƏRARGAH yaratdı

DYP və BŞİH hava şəraiti ilə əlaqədar VAHİD QƏRARGAH yaratdı

"Hazırda paytaxtın inzibati ərazisinin bəzi hissələrində duman və şaxta hökm sürür, qar yağır. Artıq yol və meteroloji şərait nəzərə alınmadığı üçün 3 avtomobilə maddi zərər dəyməklə nəticələnən zəncirvari yol-qəza hadisəsi qeydə alınıb. Sözügedən qəzanın təfərrüatları haqda məlumat dəqiqləşdirilir". Bunu SİA-ya açıqlamasında Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov deyib.

Onun sözlərinə görə, paytaxta yağan qarla əlaqədar Bakı Şəhər İcra Hakimiyyətinin Qış qarajı və Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin birlikdə vahid qərərgahı yaradılıb: "Qış qarajının bütün texniki vasitələri aidiyyatı yollar üzrə qarın təmizlənməsi və buzun əridilməsi prosesinə başlayıb. Tədbirlər davam etdirilir. Avtomobillərin sürüşmə ehtimalına görə sürücülərin ehtiyyatla idarə etməsi səbəbindən sıxlıq yaranan ərazilərə yol polisi tərəfindən nəzarət gücləndirilib".

O bildirib ki, qarlı hava şəraitində sürücülər ictimai nəqliyyat vasitələrindən istifadəyə üstünlük verməli, avtomobillərin sürət həddi minumuma endirilməli, mövsümi təkərlərdən istifadə etməli, təkərlərin təzyiqləri standartlara uyğun olmalı, hava şəraitindən asılı olmayaraq, dövlət nömrə nişanları görünməli, işıq cihazları təmiz saxlanılmalı, avtomobillərin hərəkətə gətirilməsi, dayandırılması, sürətin artırıb-azaldılması sürət qutusunun hesabına aparılmalıdır.

"Hava şəraitindən asılı olmayaraq tələblər düzgün yerinə yetirilməlidir. Bəzən sürüşmə ehtimalını görüb sürücülər yolun hərəkət hissəsində avtomobili geri çevirirlər. Belə hallara yol vermək olmaz", deyə şöbə rəisi vurğulayıb.

V.Əsədov avtomobil satışı bazarı kimi tanınan ərazi, 3-cü kənar dairəvi yol, 20 Yanvar ərazisi, Yasamal rayonunun hündür əraziləri, Günəşli qəsəbəsi, Mikayıl Müşviq, Əbdürrəhim bəy Haqverdiyev küçələri, enişli-yoxuşlu yollar, sərt döngələr və paytaxt ərazisindəki bəzi körpülərinin üzərində artıq hərəkət zamanı avtomobillərin sürüşmə ehtimalı yarandığını diqqətə çatdırrıb.

Bütün xəbərlər Facebook səhifəmizdə