Bəhruz Quliyev: Bu tədbirlər mətbuatının sağlamlaşmasına xidmət edəcək
Mətbuatdan sui-istifadə halları, reketizm son dövrlərdə daha da "modernləşib". Bunu SİA-ya açıqlamasında "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev deyib.
Onun sözlərinə görə, Azərbaycanda "reket" jurnalistika daha da "modernləşərək" internetə transfer edib : "90-cı illərin əvvələrində hələ ölkəmizdə internet anlayışı olmadığından "reket" jurnalistikasının bünövrəsi print mediada qoyuldu. Qısa zaman ərzində Azərbaycanda "reket ordusu" formalaşdı. Ölkədə xaos, anarxiyanın tüğyan etdiyi bir dövrdə Azərbaycan mətbuatında da belə bir problem ortaya çıxdı və "reket" jurnalistlər cəmiyyətdə özünə yer elədi. Faktiki olaraq, ənənəvi jurnalistika "reket" jurnalistikadan əziyyət çəkir. Amma müsbət haldır ki, bu gün ənənəvi mətbuat öz işi ilə məşğuldur, peşə fəaliyyətini diqqətlə yerinə yetirir, Azərbaycan qanunvericiliyinə uyğun fəaliyyət göstərir. "Reket" şəbəkə isə bunun tam əksinə hərəkət edir, yaranmış vəziyyətdən sui-istifadə edir, Azərbaycanda azad söz, azad fikir, azad mətbuatdan öz mənafeləri üçün yararlanmağa çalışır. Bu gün "reket" jurnalistlər sosial şəbəkələrdən modern formada istifadə edirlər".
Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşlarının insanları şantaj edən "reket" şəbəkəsini ifşa etməsinə gəlincə, B.Quliyev bu əməliyyatı yüksək qiymətləndirib: "Belə əməliyyatlara, bu cür təbliğatlara hətta ənənəvi mətbuatın özü də qoşulmalı, həmin "reket" jurnalistlərin ifşası üçün hüquq-mühafizə orqanlarına yardımçı olmalıdır. Bu mübarizə bizim cəmiyyətin sağlamlaşmasına xidmət edən addımlardandır. Vətəndaş cəmiyyətinin formalaşmasında mətbuatın da böyük rolu var. Əgər cəmiyyətdə qeyri-sağlam ünsürlər olarsa, cəmiyyət başqa istiqamətə yönələr. Ona görə də DTX-nin gördüyü tədbirlər çox uğurludur və əminəm ki, bu tədbirlər Azərbaycan mətbuatının sağlamlaşmasına xidmət edəcək. Amma biz də bu mübarizəyə qoşulmalıyıq və bu çirkabdan qurtulmalıyıq".
Baş redaktor bildirib ki, bu cür tədbirləri Azərbaycan mətbuatına qarşı əməliyyat adlandırmaq olmaz: "Azərbaycanı sevməyən qüvvələr bunu mətbuata qarşı təzyiq kimi qiymətləndirməyə çalışırlar, Amma belə fikirlər cəfəngiyyatdır, ümumiyyətlə, bu şəxsləri Azərbaycanın mətbuat nümayəndələri adlandırmaq olmaz və onların mətbuata heç bir aidiyyatı yoxdur ".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB